Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Hər səhər övladımızın çantasını hazırlayıb, onu "elm ocağına" yola salanda içimizdə bir arxayınlıq olur: "Məktəbdədir, deməli, amandadır." Lakin qonşu Türkiyədən gələn son xəbərlər, sinif otaqlarına qədər sızan şiddət və gənc canların vaxtsız gedişi bu arxayınlığın əslində nə qədər kövrək olduğunu üzümüzə bir şillə kimi vurdu. İndi hamımızı tək bir sual düşündürür ki, məktəblərimizin divarları bizi həqiqətənmi qoruyur, yoxsa bu, sadəcə özümüzü aldatdığımız bir illüziyadır?
Heç bir ölkə, heç bir cəmiyyət bu cür hadisələrdən sığortalanmayıb. Amma bu sığortasızlıq bizim əl-qolumuzu bağlayıb "qismət" deməyimizə bəraət qazandırmır. Əksinə, təhlükəsizlik sistemlərinin "sıfıra bərabər" olması, hər birimizin sabahı üçün ciddi bir həyəcan təbilidir.
Çox vaxt məktəb təhlükəsizliyi dedikdə ağlımıza qapıda oturan, çox zaman fiziki hazırlığı sual doğuran bir mühafizəçi gəlir. Amma təhlükəsizlik sadəcə kiminsə içəri girib-girməməsinə nəzarət etmək deyil. Əsl təhlükəsizlik, içəridəki hər bir fərdin özünü fiziki və mənəvi toxunulmaz hiss etməsidir. Əgər bir məktəbə kənar şəxs əlində silah və ya kəsici alətlə daxil ola bilirsə, orada sistem yox, sadəcə "qapıçı" var deməkdir.
Biz təhlükəni həmişə kənarda axtarırıq. Lakin unuduruq ki, ən böyük partlayışlar bəzən məktəbin daxilində, illərlə yığılan travmaların, bullinqin və diqqətsizliyin nəticəsində baş verir. Məktəb psixoloqlarının fəaliyyəti sadəcə hesabat xatirinə deyil, hər bir şagirdin ruh halını oxumaq üçün olmalıdır. Təhlükəsizlik həm də uşağın çantasındakı bıçağı deyil, qəlbindəki nifrəti və ya qorxunu vaxtında görməkdir.
Hadisə baş verəndə günahkarı tapmaq asandır. Çətin olan o günahın yaranmasına imkan verməməkdir. Dövlət, təhsil müəssisəsi və valideyn üçbucağı bu məsələdə qopmamalıdır. Təhlükəsizlik xidmətləri peşəkarlaşmalı, "ayıq-sayıq" insan faktoru ilə təchiz olunmalıdır.
Məktəblər cəmiyyətin gələcəyinin formalaşdığı laboratoriyalardır. Əgər biz bu laboratoriyaların qapısını qoruya bilmiriksə, yetişən nəslin savadından danışmağın nə mənası var? Türkiyədəki hadisələr uzaq bir ölkənin dərdi deyil, hər birimiz üçün "oyanış" zəngidir. Gəlin övladlarımızı qorumağı birincil vəzifəmizə çevirək. Çünki itirilən hər bir can bütöv bir gələcəyin iflasıdır.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.