AZ

"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi

"Neftçi" Misli premyer-liqasının bir qədər əvvəl başa çatan 28-ci tur matçında "Zirə"nin meydanından "sülh"lə ayrıldı (1:1).

Əslində "ağ-qaralar" qələbənin biraddımlığında idi. Sadəcə, 90+4-cü dəqiqədə fərqlənən Brahim Konate komandasını məğlubiyyətdən qurtardı. Məhz həmin anda həm "Neftçi"nin texniki zonasında, həm də meydanda ara qarışdı. Ona görə ki, qonaqların baş məşqçisi Yuri Vernidub, epizodun təkrarını planşetdən izləyən Emin Mahmudov rəqibin futbolçusu Ruan Renatonun aktiv ofsaydda olduğunu, daha doğrusu, qapıçının - Kenan Piriçin zərbə anını görməsinə imkan vermədiyini iddia etdi. Yəni top Renatoya ötürülməsə belə, Piriçin baxış bucağını bağlamaqla passiv ofsayddan aktiv ofsayda keçib ki, bu da qaydalara ziddi.

Həmin epizodla bağlı fikrini öyrənmək üçün Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabbarova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Düzü, çəkilişə əsasən, dəqiq danışmaq mümkün deyil. Epizod ətraflı görünmür. Əlbəttə, Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı. Baş hakim İnqilab Məmmədovun səhv edib-etmədiyini anlamağın yeganə yolu VAR-la həmin andakı dialoqun açıqlanmasıdı. AFFA Hakimlər Komitəsi daha əvvəl bunu etmişdi. Bu dəfə də "Neftçi"nin haqsızlığa uğramadığını sübut etmək üçün dialoqun yayınlanması vacibdi".

Xatırladaq ki, oyunun baş hakimi İnqilab Məmmədov, VAR hakimi Nicat İsmayıllı idi.

KƏNAN BAHADIR
Seçilən
52
1
football-plus.az

2Mənbələr