525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kamalə ABİYEVA
Qızcığazlar ana olmaq istəyir
Bayaqdandır evcik-evcik oynayır,
qızcığazlar 6-7 yaşında.
Qızcığazlar bu oyundan doymayır,
hərəsinin min nağıl var başında.
Bir eyvanı bölübdülər ortadan,
hərəsinin bir ayrıca otağı.
"Bu gəlincik mənim balam olacaq,
busa sənin, bu da onun yatağı"...
Hərəsinin öz evi, öz körpəsi,
bir eyvanı bölübdülər ortadan.
Hərəsinin dilində öz nəğməsi,
qızcığazlar layla deyir astadan.
Qonaq gedib bir-birinin evinə,
pıçıltıyla danışırlar arabir.
Sən müqəddəs arzuya bax, hissə bax,
qızcığazlar ana olmaq istəyir.
Aman qızlar, dayanmayın bircə an,
qoy heç zaman qurtarmasın bu oyun.
Göyçəklərim, çiçəklərim, güllərim,
laylanızı siz ucadan oxuyun.
Yer üzünə haray salın, hay salın,
pıçıltıyla danışmayın arabir.
Qoy eşitsin bu arzunu YER üzü:
Qızcığazlar Ana olmaq istəyir!
Qızcığazlar Ana olmaq istəyir!
Kaş ki
Göz yaşı dözümün son həddidir.
İntihar dözməyənlərin cəhdidir.
Ölüm dözümsüzlük səddidi.
Yaddaşın dözümsüzlüyündə
dözümsüzlüyümə ağladım.
Qınamayın məni.
Ağladım...
Hər damlada müharibə vardı.
Hər damlayla gözlərimdən tökülsəydi...
intihar etsəydi, ölsəydi...
bir də geri dönməsəydi...
Göz yaşları geri dönmür. Hər dəfə yenidir...
Ağrılar köhnəlmir yenilənir.
Göz yaşları fərqlidi.
Nə vaxtdı yaş damır yer kürəsindən.
müharibə göz yaşıdır Yer kürəsinin,
güllələr müharibənin...
Yer kürəsi təkcə torpağa qarışan canlar deyil,
itmiş əllər, ayaqlardı.
Gözlərdi həm də,
ölən duyğulardı, arzulardı, sözlərdi həm də.
Yer kürəsi o əllərlə
o gözlərin yaşını silə-silə,
o ayaqlarla gedir bizdən uzaqlara,
müharibələrə qarğış hayqıra-hayqıra.
Bəlkə də hayqırtısından dağılacaq?
Bilmirəm. Hardan bilim nə olacaq?
Dipdiri canlar, əllər, ayaqlar
yer kürəsini qoruya bilsə, saxlamağa gücü yetsə...
Bir gənc də öldü.
Müharibədən salamat gəlmişdi.
Bəlkə də ölmüşdü... Bilmədim ki...
Kimsə ağlamasaydı.
Yer kürəsi dağılmasaydı.
Kaş ki...
Elə sevdim ki
Səni elə sevdim, elə sevdim ki,
xəbərim olmadı bu ayrılıqdan.
Unutmaq necədir heç bilmədim ki,
unutmaq sözünü unutdum tamam.
Nə yollara baxdım, nə yol gözlədim,
tutub əllərindən gəzdim hər yeri.
Ayaq səslərindən heç diksinmədim,
səninlə oyandım mən səhərləri.
Sənsiz bircə an da yaşamadım mən,
bütün illərimin yoldaşı oldun.
Səni xəyal kimi daşımadım mən,
sən mənim ən sadiq sirdaşım oldun.
Taleyi günahkar bilmədim, çünki
mən öz ürəyimin əsiri oldum.
Səni elə sevdim, elə sevdim ki,
Sən mənim azadlıq istəyim oldun.
Yenildim
(Qızıma)
Bütün duyğuları sənlə yaşaya bildim.
Məyus baxışlarını daşıya bilmədim.
Bacarsan bağışlamağı...
Ayın solğun işığı gizlənir gözlərinin
dərinliyində.
Sükutunun ahı gözlərimin dərinliyində.
Susma.
Əllərinin susqunluğunu eşidirəm.
Yorğun gülüşündə "yaxşıyam"
sözünün kədərini hiss edirəm.
Yer kürəsi titrəyir səsin titrəyəndə.
Kainat kimi.
Daha axtarmıram həqiqətimi..
İçiboşlardan qorumağı bacarsaydım
...İnamım ümidsiz qalmazdı,
ümidim belə dərdli olmazdı...
Məyus baxışın, yorğun gülüşün,
səsinin titrəyişi
ədalətin olmadığı etirafına dirənişim...
Haqqın olmayanlardan,
haqsızlıqla üzbəüz qalmandan
mən də yoruldum, bitmir yorğunluğum.
Kafirlərdən, kifirlərdən yoruldum.
Kafirlərin namaz qılmasından,
kifirlərin gözəl təqdimatından yoruldum.
Mən bunlara təkbaşına yenə də dözərdim,
Səninlə dözmədim.
Küsdüm, incidim, bezdim,
qəddar da oldum,
qisas almaq da keçdi ürəyimdən.
Ən gözəl duyğular susur ürəyimdə.
Yox olur. Bəlkə ölür...
mən sevgiydim əslində,
nifrət etməyi də öyrəndim.
Amma nifrətə yenilmədim.
Hətta özümü xoşbəxt bildim,
tək bir duyğuya-bir sevgiyə yenildim.
Vətəni sevdim nə edim?..
Səni tapdım
Tanrım, bəlkə də mən
tənha olanda,
tənhalıqda darıxanda səni yaratdım.
Nə gizlədim, bir az da
çarəsiz qalanda,
qorxanda sənə tutundum.
Sevməyə kimsə olmayanda...
Sevgiyə möhtac olanda səni tapdım.
Susqunluq
Nələr çəkdim özüm bildim,
bir kimsəyə demədim.
Nələr gördüm gözüm bildi,
bir kimsəyə demədi.
Mən həyatın çətininə güldüm elə,
bu gülüşü üzüm bildi kimsəyə göstərmədi.
Sevincimi damcı-damcı yığdım,
amma ümman kimi göründü.
sevinc dolu ümman kimi göründüm.
Yadlar məni belə sevdi.
Mən yadlardan sevgi gördüm
Hər ağrıya dözə bildim.
Doğmaların xəyanəti ağır oldu.
Ürəyimdən yaralandım.
Amma yenə çabaladım,
çünki yenə bağışlamaq istədim.
Dözüm bildi.
O da məndən üz döndərdi...
bağışlaya bilmədim...
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.