AZ

​“Moskva yeni müdaxilə mexanizmi formalaşdırmağa çalışır” – Həşim Səhrablı

"Belçikanın Baş Qərargahından səsləndirilən bu açıqlama hələlik iddia xarakteri daşısa da, onu tamamilə gözardı etmək doğru olmaz. Çünki bu fikir kifayət qədər yüksək vəzifəli bir şəxs tərəfindən, üstəlik Belçika kimi mühüm bir ölkənin rəsmisi tərəfindən səsləndirilib. Üstəlik, bu iddianın müəyyən faktlarla əsaslandırıldığını da görmək mümkündür. Məsələn, Rusiya Dövlət Dumasında xaricdə yaşayan rusdilli və rusəsilli şəxslərin “qorunması” ilə bağlı təşəbbüslərin müzakirəyə çıxarılması bu məsələnin Moskvanın siyasi gündəmində qalmaqda davam etdiyini göstərir. Əgər bu sənəd bütün mərhələlərdən keçərək təsdiqlənərsə və prezident tərəfindən imzalanarsa, bu, Rusiyanın əvvəlki təsir rıçaqlarının zəifləməsi fonunda yeni müdaxilə mexanizmi formalaşdırmağa çalışdığını göstərəcək. Bu yanaşma yeni deyil. Ukraynaya müdaxilə zamanı da əsas arqumentlərdən biri kimi NATO amili və Rusiyanın təhlükəsizlik narahatlıqları göstərilirdi. Eyni zamanda Ukraynada yaşayan rusdilli və rusəsilli əhali “qoruma” bəhanəsi kimi istifadə olundu. Halbuki son illərdə proseslər göstərdi ki, bu arqumentlər daha geniş geosiyasi məqsədləri ört-basdır etmək üçün vasitə idi. Ukraynanın silahsızlaşdırılması, Qərblə əlaqələrinin zəiflədilməsi və regionda təsir dairəsinin genişləndirilməsi kimi hədəflər daha açıq şəkildə ortaya çıxdı. Belçika tərəfinin səsləndirdiyi fikirdə müəyyən həqiqət payı var: münaqişənin yaxın perspektivdə tam həll olunacağı inandırıcı görünmür. Müvəqqəti atəşkəs və ya dondurulmuş münaqişə variantı mümkün olsa da, davamlı sülh üçün real zəmin hələlik müşahidə edilmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina bildirib ki, Avropa İttifaqı (Aİ) nümayəndələrinin qiymətləndirmələrinə əsasən, Ukraynadakı müharibə 2030-cu ilə qədər davam edə bilər. Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas diqqət ABŞ-nin iştirakı olmadan Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlıq üzərində cəmlənir. Belçikalı general həmçinin qeyd edib ki, bu müddət ərzində Rusiyanın digər Avropa ölkələrinə hücum edəcəyi ehtimalı aşağı qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən Rusiya–Ukrayna qarşıdurmasının 2030-cu ilə qədər, hətta daha uzun müddət davam etməsi ehtimalı istisna edilmir.

Seçilən
13
aznews.az

1Mənbələr