AZ

“Bu torpağın, bu yurdun həsrətini çox çəkmişik” – Ballıcadan reportaj

Xocalı, 17 aprel, AZƏRTAC

Xocalı rayonunun Ballıca kəndi… Böyük Qayıdışın gerçəkləşdiyi ünvanlardan biri. İşğaldan azad olunduqdan sonra təmir-bərpa işləri aparılan, doğma sakinlərini yenidən qoynuna alan bu kənd indi firavan günlərini yaşayır. Baharın gəlişi isə kənddəki canlanmanı daha da artırıb. Təzə şumlanmış torpağın qoxusu, yeni əkilən fidanlar, çiçəkləyən ağaclar, əkin və abadlıq işləri ilə məşğul olan sakinlər və eşidilən uşaq səsləri həyatın bu torpaqlara əbədi qayıdışından xəbər verir.

İllərin həsrətindən sonra doğma yurda qayıdaraq yeni bir başlanğıcın sevincini yaşayan ailələrdən biri də Əliyevlərdir.

AZƏRTAC-ın bölgə müxbiri Ballıca kəndində Əliyevlər ailəsinin qonağı olub, onların qayıdış və doğma torpaqda qurduqları yeni həyatla bağlı təəssüratlarını öyrənib.

Həyətdə oğlu ilə birlikdə yer belləyən Vidadi Əliyev tərəvəz əkini üçün hazırlıq görür. O, illərdir həsrətində olduqları Vətən torpağını böyük həvəslə becərdiklərini bildirir: “1992-ci ildə Vətənimizdən didərgin düşdük, müxtəlif yerlərdə məskunlaşdıq. Bu torpağın, bu yurdun həsrətini çox çəkmişik. Biz torpağa bağlı insanlarıq. Şükür Allaha, Prezidentimizin, Ordumuzun sayəsində yenidən həsrətində olduğumuz torpağımızda məskunlaşdıq, Vətənimizə qayıtdıq. Torpağımızı becəririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Allah səmamızı aydın eləsin. Bir də müharibə olmasın. Kartof, göyərti əkmişik. İndi isə lobya əkmək üçün yer qazırıq. Alma, armud, gilas, gilanar, ərik, şaftalı tingləri də əkmişik. Ağaclar artıq çiçəkləyib”.

Vidadi Əliyev həyətdəki “QAZ-53” yük avtomobilini göstərib bu texnikanı illərin xatirəsi kimi qoruyub saxladığını deyir: “1992-ci ildə bu maşınla kənddən çıxmışdım. Köçkünlük illərində ehtiyaclarıma baxmayaraq, satmadım və yenidən doğma torpaqlarımıza gətirdim”.

Evdə çay süfrəsi ətrafında davam edən söhbət zamanı ailə illərin həsrətindən sonra doğma yurda qayıdışın yaratdığı sevinc və qürur hissini bölüşür. Vidadi Əliyev bildirir ki, uzun illər davam edən köçkünlük dövründə doğma yurdlarına qayıdacaqlarına daim inanıb: “Kəndimizdən didərgin düşəndən sonra neçə illər Hacıkənddə, sonra isə Gəncədə yeni salınmış qəsəbədə məskunlaşdıq. Çox çətinliklər çəkdik. Lakin heç vaxt Vətənimizə qayıdacağımızla bağlı ümidimiz ölmədi. Prezidentimizin, Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu və Vətənimizə qayıtdıq. Bir yandan kövrəldik, bir yandan qürurlandıq. İllərin həsrəti sona çatdı, arzularımız çin oldu”.

O bildirir ki, köçkünlük illərində məktəbdə təsərrüfat müdiri işləyib və bu gün də Ballıca kəndində fəaliyyətini davam etdirir.

Ailənin gəlini Əminə Əliyeva müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplamasına baxmayaraq, şəhər məktəblərini deyil, könüllü olaraq Ballıca kənd məktəbini seçib. O, Qarabağda müəllim kimi fəaliyyət göstərməyin qürurlu olduğunu bildirir: “Mən bu torpaqlarda doğulmamışam, köçkünlük illərində İsmayıllıda dünyaya gəlmişəm. Amma evimizdə həmişə Qarabağdan danışılıb. Atam deyirdi ki, biz mütləq qayıdacağıq. Mən də həmişə inanırdım ki, o gün gələcək. Bu gün isə artıq buradayıq və bu torpaqlarda işləmək, dərs demək mənim üçün böyük qürurdur. Mənim əmim bu torpaqlar uğrunda şəhid olub. Əmimin və digər şəhidlərin qanının töküldüyü bu torpaqlarda müəllimlik etmək başqa bir hissdir. Qarabağda yaşamaq, yaratmaq, müəllim kimi töhfə vermək böyük fəxrdir. Buna görə Prezidentimizə, şəhidlərimizə borcluyuq”.

Vidadi Əliyevin oğlu Taleh də həyat yoldaşı ilə birgə doğma Qarabağa qovuşmağın sevincini yaşayır. “Hər zaman böyüklərimdən Qarabağ, buranın havası, suyu, təbiəti, insanları barədə eşitmişəm. Şükür Allaha ki, Qarabağımıza qovuşmuşuq, burada yaşayırıq. İnanıram ki, azad olunmuş ərazilərə köçmüş sakinlərində quruculuğa, inkişafa töhfəsi olacaq”, - deyə o bildirib.

Əliyevlər ailəsi ilə söhbət zamanı burada baharın təkcə təbiətə deyil, insanların ruhuna da gəldiyini hiss etməmək mümkün deyil. Bir vaxtlar yalnız xatirələrdə yaşayan bu torpaqlar indi öz doğma sakinlərinin alın təri və sevgisi, dövlətimizin qüdrəti ilə yenidən Azərbaycanın çiçəklənən guşələrindən birinə çevrilir.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
31
azertag.az

1Mənbələr