AZ

Türkiyədə mafiya serialları tarixə qovuşur? - Məktəbə silahlı hücumdan sonra...

Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərə edilən silahlı hücumlarından sonra Türkiyə seriallarının ssenarilərinə dəyişiklik ediləcək.

“Yeni Sabah” xəbər verir ki, ictimai müzakirələrdə mafiya və kriminal məzmunlu ekran işlərinin insanlarda şiddətə marağı təbliğ etdiyi ilə bağlı iddialar bu sənayenin fəaliyyəti haqqında müzakirələr yaradıb.

Xüsusilə mafiya və kriminal mövzularda olan serialların yeniyetmələrə mənfi təsir etdiyi, zorakılığa münasibəti normallaşdırdığı iddiaları səsləndirilir. Bu müzakirələrin fonunda bəzi televiziya kanalları “Eşref Rüya”, “Yeraltı” və “Kuruluş Osman” kimi serialların yeni bölümlərini müvəqqəti olaraq yayım cədvəlindən çıxarıb. Bu addım həm matəm ab-havası, həm də ictimai həssaslıqla əlaqələndirilsə də, belə görünür ki, serial sənayesinin idarəçiləri mövcud durumda ssenari strategiyalarına əl gəzdirmək məcburiyyətində qalacaqlar. Buna səbəb isə bir sıra şirkətlərin baş verən hadisələrdən sonra reklam siyasətlərini yenidən nəzərdən keçirmələridir. "Yapı Kredi" Bankının Korporativ Kommunikasiya üzrə direktoru Arda Öztaşkın bildirib ki, artıq zorakılıq məzmunlu seriallara reklam verilməyəcək.

Bir sıra reytinqli seriallar buhəftəki yayınlarını təxirə salıblar. Verilən açıqlamalarda bunun öllədəki ümumi hüzn ab-havası ilə bağlı olduğu deyilsə də, artıq serialların yayın şirkətləri tərəfindən ssenarilərin dəyişdirilməsi ilə bağlı addımların atıldığı da məlumdur.

Digər tərəfdən, media və yaradıcı sektor nümayəndələri bu iddialara fərqli yanaşır. Mafiya mövzusunda çəkilmiş “Çukur” serialının ssenari müəllifi Gökhan Horzum etiraf edib ki, seriallardakı əsas obrazların zorakılığa əl atması tamaşaçılar arasında həmin hərəkətin “qanuniləşdirilmiş” və ya normal qəbul edilməsi riskini yarada bilər.

“Əgər ekran əsərində qəhrəman zorakılıq tətbiq edirsə, tamaşaçı da onunla özünü eyniləşdirərək zorakılığa yönələ bilər. İnsanlara ədaləti özləri təmin etməsinə dair şüuraltı mesajlar ötürülə bilər. Lakin bu vəziyyətdən hər kəs deyil, daha çox zorakılığa meyilli insanlar təsirlənir. Buna baxmayaraq, zorakılıq səhnəsinə yer vermək hər zaman onun müdafiə edilməsi anlamına gəlmir. Müsbət qəhrəmana zorakılıq tətbiq edildikdə, tamaşaçı zorakılığın əleyhinə mövqe tutur. Məsələn, biz Cüneyt Arkın filmlərinə baxarkən Bizanslılar ona zərər verəndə zorakılığa meyl etməmişik. Ssenarist tamaşaçının kimlə özünü eyniləşdirəcəyini bilir və vəziyyəti buna uyğun qurur”, - ssenarist Gökhan Horzum bildirib.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfa vilayətinin bir texniki-peşə liseyinə keçmiş şagirdin silahlı hücumu nəticəsində 6 nəfər yaralanmış, 19 yaşlı hücumçu isə intihar etmişdi.

Bu hadisədən bir gün sonra isə Kahramanmaraş vilayətinin bir orta məktəbə oradatəhsil alan İsa Aras Mersinli adlı 14 yaşlı şagird atasına aid 5 silah və 7 daraqla hücum edib. Nəticədə 1-i müəllim, 9-u şagird olmaqla 10 nəfər qətlə yetirilmiş, 16 nəfər isə yaralanmışdı.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
17
2
yenisabah.az

3Mənbələr