Stokholm, 17 aprel, AZƏRTAC
İsveçdə 65–74 yaş aralığında olan və əmək fəaliyyətini davam etdirənlərin sayı artır.
AZƏRTAC xəbər verir ki, “Seniorerna” İsveç Pensiyaçılar Assosiasiyasının məlumatına görə, ötən il təxminən 232 min nəfər işləyib. Bu, rekord göstəricidir və əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Ekspertlər bu tendensiyanı yalnız pensiya yaşının artırılması ilə deyil, həm də yaşlı insanların bu gün daha uzun müddət sağlam və fəal qalması ilə izah edirlər. Onların bir çoxu ictimai və peşəkar həyatda iştirakını davam etdirmək istəyir, bir qismi isə maliyyə səbəblərinə görə işləməyə davam edir.
67 yaşdan sonra işləmək vergi güzəştləri sayəsində xüsusilə sərfəli olur, bu da gəlirin daha böyük hissəsini saxlamağa imkan verir. Kişilər daha çox kənd təsərrüfatı və sahibkarlıq sahəsində, qadınlar isə qayğı və səhiyyə sektorunda çalışırlar.
Əksəriyyət əvvəlki peşəsi üzrə işləməyə davam edir, bəzi şəxslər isə yeni istiqamətlər üzrə fəaliyyətə başlayır və ya pensiyaçılar üçün nəzərdə tutulmuş xüsusi şəbəkələr vasitəsilə xidmətlər təklif edir. Orta hesabla yaşlı şəxslər həftədə təxminən 26 saat işləyir.
Bu əhali qrupunun iqtisadi töhfəsi əhəmiyyətlidir. Qiymətləndirmələrə görə, onlar ölkənin ümumi daxili məhsuluna təxminən 193 milyard kron (18,4 milyard dollar) əlavə edir. “Seniorerna”nın nümayəndələri vurğulayırlar ki, yaşlı insanlar yük kimi deyil, cəmiyyət üçün mühüm resurs kimi qiymətləndirilməlidir.