İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabının təqdimat mərasimi Milli Aviasiya Akademiyasında (MAA) keçirilib.
Tədbiri açan MAA-nın “Menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Heydər Həsənov Orta dəhlizin strateji əhəmiyyətini vurğulayıb və hava nəqliyyatı ilə daşımalar baxımından marşrutun rolundan danışıb. Professor qeyd edib ki, kitab regionun inkişafında Orta dəhlizin strateji rolunu hərtərəfli təhlil edir.
İİTKM-in icraçı direktorunun müşaviri, iqtisad elmləri doktoru Bağış Əhmədov tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə təşəkkür edib. O bildirib ki, layihə OECD və CAREC ilə birgə həyata keçirilib, kitab isə 10 ölkədən 22 alim tərəfindən yazılaraq Tarqu Mureş Universitet Nəşriyyatı tərəfindən ingilis dilində çap olunub.
Daha sonra İİTKM-in şöbə müdiri, kitabın layihə rəhbəri Aqil Əsədov kitabın strukturu və fəsillərdə əhatə olunan mövzular barədə ətraflı məlumat verib. Təqdimat mərasimində MAA-nın Elmi informasiya və patent şöbəsinin müdiri, dosent Fuad Mirzəyev çıxış edərək bildirib ki, kitab Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsərdir və gənc tədqiqatçılar üçün zəngin mənbədir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”