AZ

“Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL

La Liqanın 31-ci turu “Barselona”nı çempionluğa bir addım da yaxınlaşdırdı. Ona görə ki, lider Kataloniya derbisində “Espanyol”u darmadağın etdiyi halda, “Real” “Jirona” ilə oyunda xal itirdi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Atletiko” uduzdu, “Selta” darmadağın oldu, “Betis” və “Real Sosyedad” heç-heçə etdi.

“Real” “Jirona” ilə oyunda yenə əziyyət çəkdi. Çempionlar Liqasındakı ağır və məğlubiyyətlə bitən oyundan sonra madridlilərin hərəkətlərində təravət çatışmırdı. Bununla belə, “ağ şimşəklər” ilk yarıda üç qol vura bilərdi. Qonaqları iki dəfə qapıçı xilas etdi, bir dəfə də Bellingem əla imkanı qaçırdı. “Jirona” da bir neçə təhlükəli əks-hücum qurdu, ancaq fasiləyə qədər tablodakı rəqəmlər dəyişmədi. Komandalar paltardəyişmə otağından qayıdan kimi hesab açıldı. Buna qədər etibarlı oynayan Qassaniqa Valverdenin zərbəsini dəf edə bilmədi. Meydan sahibləri uğuru inkişaf etdirməyə macal tapmadı, çünki cəmi 11 dəqiqə sonra Lemar Lunini məyus etdi. Bundan sonra baş məşqçilər əvəzetmələr hesabına oyunun axarını dəyişməyə çalışdı.

Əlbəttə, meydan sahibləri qələbə topunu vurmağa daha yaxın idi. Mbappenin zərbəsindən sonra Qassaniqa komandasını xilas etdi, Reysin dirsək zərbəsindən sonra qaşı açılan fransalı ulduzun penalti istəməyə də haqqı var idi. Ancaq hər dəfə hakimlərin üzərinə hücum çəkməyə də dəyməz. “Real” oyununa görə qələbəyə layiq deyildi. Növbəti xal itkisi Madrid nəhənginin çempionluq şansını daha da azaltdı. İndi “Real”ı Münhendə olum-ölüm oyunu gözləyir. Komanda ÇL-də də mübarizəni dayandırsa, Arbelonanın qovulması tam realdı.

Təbii ki, “Barselona” “Real”ın xal itkisindən yararlandı və əsas rəqibi ilə fərqi 9-a çatdırdı. “Atletiko” ilə cavab oyununu düşünən Flik müəyyən rotasiyaya əl atmışdı, ancaq Yamal 90 dəqiqə oynadı. Meydan sahibləri çempionluğu da qurban vermək istəmədi. “Barsa” artıq ilk yarının ortalarında derbidə ciddi üstünlük qazandı – hər iki halda Yamal Torresə assistentlik etdi. Ferran 2-ci hissənin əvvəlində 3-cü dəfə fərqlənsə də, hakim ofsayd üzündən bu qolu saymadı. Və dərhal “tutuquşular” Losanonun qolu sayəsində intriqanı bərpa etdi. “Sürüşkən” hesab sona qədər qorundu. Nəhayət, son dəqiqələrdə “göy-narıncılar”ın təzyiqi qollarda əksini tapdı. Əvvəlcə inadkar Yamal fərqləndi, ardından sonradan oyuna qoşulan Reşford fərqi darmadağın həddinə çatdırdı. Derbidə böyükhesablı qələbə qazanan “Barsa” faktiki çempionluq intriqasını öldürdü. Qələbəsiz oyunlar seriyası uzanan “Espanyol” isə artıq avrokuboklara vəsiqə arzusu ilə vidalaşa bilər.

Dieqo Simeonenin “Barsa”nı ÇL-dən uzaqlaşdırmaq həvəsi yerə-göyə sığmır. “Sevilya” ilə səfər oyununda meydana eksperimental heyət buraxan, əsas ulduzlarını ehtiyatda saxlayan argentinalı mütəxəssis bunun əvəzini məğlubiyyətlə ödədi. Bütün qollar ilk yarıda vuruldu. Hissənin sonunda 1:2 geri düşən “Atletiko” sona qədər bərabərlik qolunu vura bilmədi.

ÇL-ə vəsiqəyə can atan “Vilyarreal” “Atletik” üzərindəki səfər qələvəsi sayəsində hədəfinə bir addım da yaxınlaşdı. Avrokuboklara vəsiqəyə digər iddialılar isə sözləşibmiş kimi xal itirdi. “Selta” evdə aşkar autsayder “Ovyedo”ya 0:3 uduzmaqla azarkeşlərini şoka saldı. “Betis” səfərdə “Osasuna”nın, “Real Sosyedad” evdə “Alaves”in müqavimətini qıra bilmədi. Hər iki oyunda heç-heçə qeydə alındı.

“Malyorka” “Rayo Valyekano”nu darmadağın etdi, autsayderlərdən “Elçe” “Valensiya”ya yeganə qolla qalib gəldi. Maraqlıdı ki, 72-ci dəqiqədə meydana çıxan Sepeda bir dəqiqə sonra qələbə qolunu vurdu. Dünən keçirilən son oyunda isə “Levante” “Xetafe”dən üstün oldu.

31-ci tur
Real – Jirona 1:1

Valverde, 51 – Lemar, 62. (70885)
Real: Lunin, Karvaxal, Militao (Höysen, 64), Asensio, F.Qarsiya (Mendi, 79), Bellingem (Gülər, 64), Kamavinqa (Çuameni, 79), Valverde, Dias (Q.Qarsiya, 84), Vinisius, Mbappe.

Barselona – Espanyol 4:1
Torres, 9; 25. Yamal, 87. Reşford, 89. (60736)
Barselona: X.Qarsiya, Arauxo, Kubarsi, Martin (Kasado, 46), Balde (Kanselo, 64), E.Qarsiya, Pedri, Qavi (Reşford, 64), Lopes (De Yonq, 84), Yamal, Torres (Olmo, 74).

Sevilya – Atletiko 2:1
Adams, 10-p. Qudel, 45+2 – Bonyar, 35. (29723)
Atletiko: Musso, Dias (Monserrate, 86), Martines, Pubil, Bonyar, Varqas, Mendosa (Morsilyo, 71), Almada, Baena, Belaid (Lukman, 71), Sörlot.

Atletik – Vilyarreal 1:2
Quruseta, 84 – Kardona, 26. Qonsales, 45+5. (42981)

Osasuna – Betis 1:1
Budimir, 40-p. – Ezzalzuli, 7. (20080)

Selta – Ovyedo 0:3
Reyna, 4. Vinyas, 45; 57. (20360)

Real Sosyedad – Alaves 3:3
Suçiç, 14. Sivera, 27-öz qapısına. Oskarsson, 60 – Çaleta-Sar, 3-öz qapısına. Dyabate, 24. Boye, 90+7. (31024)

Malyorka – Rayo Valyekano 3:0
Muriqi, 36; 40. Virgili, 65. (16323)

Elçe – Valensiya 1:0
Sepeda, 73. (27795)

Levante – Xetafe 1:0
Espi, 83. (18155)

1. Barselona 31 26 1 4 84-30 79
2. Real 31 22 4 5 65-29 70
3. Vilyarreal 31 19 4 8 56-36 61
4. Atletiko 31 17 6 8 51-32 57
5. Betis 31 11 13 7 45-38 46
6. Selta 31 11 11 9 44-40 44
7. Real Sosyedad 31 11 9 11 49-48 42
8. Xetafe 31 12 5 14 27-32 41
9. Osasuna 31 10 9 12 37-38 39
10. Espanyol 31 10 8 13 37-48 38
11. Jirona 31 9 11 11 33-45 38
12. Atletik 31 11 5 15 33-45 38
13. Rayo Valyekano 31 8 11 12 29-38 35
14. Valensiya 31 9 8 14 34-46 35
15. Malyorka 31 9 7 15 39-48 34
16. Sevilya 31 9 7 15 39-51 34
17. Alaves 31 8 9 14 35-46 33
18. Elçe 31 7 11 13 39-47 32
19. Levante 31 7 8 16 35-50 29
20. Ovyedo 31 6 9 16 24-48 27

Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 21, Budimir (Osasuna) – 16, Yamal (Barselona) – 15.

Növbəti turun oyunları aprelin 21-23-ü aralığında keçiriləcək: Atletik – Osasuna, Malyorka – Valensiya, Jirona – Betis, Real – Alaves, Elçe – Atletiko, Real Sosyedad – Xetafe, Barselona – Selta, Levante – Sevilya, Rayo Valyekano – Espanyol, Ovyedo – Vilyarreal.

Turun rəqəmi
100 – Yamal La Liqada oyun sayını bu həddə çatdırdı. O, 18 yaş 272 günlüyünə bunu bacarmaqla 100 oyun həddinə hamıdan tez çatdı və Raulun rekordunu (19 yaş 284 gün) yenilədi. Bu göstəricidə ilk “5-liy”ə İker Miniain (19 yaş 293 gün), Xoseba Eçeberriya (20 yaş 177 gün) və Boyan Krkiç (20 yaş 203 gün) də daxildi.

Turun ulduzu
Lamin Yamal (Barselona) – Flik “Atletiko” ilə cavab oyunu ərəfəsində onu 90 dəqiqə meydanda saxladı. Gənc istedad etimadı artıqlamasıyla doğrultdu. Bir qol, iki məhsuldar ötürmə Yamalı turun ulduzu saymağımız üçün kifayətdi.

Turun sitatı
“Real” TV-nin oyunla bağlı şərhi:
“Real” pis oynadı, ancaq həm də utandırıcı hakimliyin fəsadlarından əziyyət çəkdi. Bəxtimiz gətirib ki, Mbappenin kobudluğa məruz qaldığı epizodun fərqli təkrarları var, hər birində belə oyunun aşkar penalti olduğunu görünür. Neqreyra işinin fəsadları budu. Bura Neqreyra liqasıdı”.


Oyundan sonra
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:
“Ən möhtəşəm oyunumuz olmasa da belə, qalib gəlməliydik. Əlimizə düşən imkanları və “Jirona”ya, demək olar ki, heç nə yaratmağa imkan vermədiyimizi nəzərə alsaq. Qalib gəlməyə qadir güclü heyətimiz var, daha bir neçə qol vura bilərdik. Bu baş vermədi. Ümumilikdə “artırmaq” lazımdı, xüsusən də öz cərimə meydançasında “lövbər salan”, irəli getmək istəməyən komandalarla oyunlarda. Belə üslub bizə problem yaradır. Ümid edirəm ki, çərşənbə günü daha soyuqqanlı olacaq, qələbəsiz seriyanı başa çatdıracağıq”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“İlk yarıda dominantlıq etdik, hesabı 2:0-a çatdırdıq. Ferrana görə sevinirəm. Məşqlərdə çox yaxşı görünürdü. Bütün hücumçulara qol lazımdı. Standart vəziyyətlərdən sonra çoxlu qol vururuq. Komandamız heç də ucaboy oyunçulardan qurulmasa da, bu uğur mövqe seçimi və topun lazımi zonaya ötürülməsi ilə bağlıdı”.


Faktlar
* “Barselona” 2024-dən “sükan arxasında” olan Flikin rəhbərliyi altında keçirdiyi 109-cu oyunda 37-ci böyükhesablı qələbəsini qazandı.
* “Real” ardıcıl 4-cü oyunda ilk yarıda qol vura bilmədi. “Bavariya”, “Malyorka” və “Atletiko” ilə oyunlarda da belə olmuşdu. “Real” sonuncu dəfə 2024-ün sentyabrında belə seriya ilə üzləşmiş, onda ardıcıl 6 oyunda fasiləyə qədər qol vura bilməmişdi.
* “Atletiko” müxtəlif turnirlər çərçivəsində keçirdiyi son 5 oyunun dördündə uduzub, yalnız ÇL-də “Barselona”ya qalib gəlib (2:0).
* “Barsa” ardıcıl 5-ci Kataloniya derbisində qalib gəldi. Bu komanda “Espanyol”la oyunlarda sonuncu dəfə 2022-nin dekabrında xal itirib (1:1).
* Muriqi “Malyorka”nın heyətində La Liqada qol sayına görə klub rekordunu yenilədi. Kosovolu forvard “Rayo Valyekano” ilə oyunda dubl etməklə qol sayını 55-ə çatdırdı və Samuel Eto’Onu (54) arxada qoydu. “Malyorka” tarixinin bombardiri isə 94 qol vuran Joan Morro Albertidi.
Seçilən
23
1
football-plus.az

2Mənbələr