Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı sahələrinin peyk təsvirləri əsasında monitorinqi müasir məsafədən müşahidə texnologiyaları və coğrafi informasiya sistemləri (CİS) vasitəsilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov məlumat verib.
İsmət Baxışov bildirib ki, bu prosesdə yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirləri, optik və radar məlumatlarının analizi, eləcə də müxtəlif vegetasiya indekslərindən geniş istifadə olunur. Bu texnologiyalar fermerlərə vegetasiya dövrü ərzində əkin sahələrinin vəziyyətini operativ şəkildə izləmək imkanı yaradır.
İsmət Baxışov qeyd edib ki, peyk əsaslı monitorinq sayəsində bitki xəstəliklərinin ilkin əlamətləri, su stressi və torpaq rütubətinin azalması kimi risklər erkən mərhələdə müəyyən olunur. Eyni zamanda, “Farmer App” kimi mobil tətbiqlər vasitəsilə fermerlər xüsusi texniki biliklərə ehtiyac duymadan əkin sahələri ilə bağlı məlumatları birbaşa mobil telefon üzərindən əldə edə bilirlər.
Mərkəzin direktoru qeyd edib ki, peyk məlumatlarının hava göstəriciləri və torpaq parametrləri ilə inteqrasiyası suvarma, gübrələmə və digər aqrotexniki tədbirlərin daha dəqiq planlaşdırılmasına şərait yaradır. Bu yanaşma isə məhsuldarlığın artırılmasına və resurslardan daha səmərəli istifadəyə xidmət edir.