AZ

Azərbaycan Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynayır - ŞƏRH

Bakı, 17 aprel, AZƏRTAC

Antalya Diplomatiya Forumu artıq müzakirə meydanı olmaqdan çıxaraq, yeni geosiyasi yanaşmaların formalaşdığı strateji mərkəz funksiyası daşımaqdadır. Belə nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın iştirakı ölkəmizin qlobal diplomatik proseslərdə artan rolunun aydın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, Forum müxtəlif qitələrdən dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirərək dialoq, güvən və işbirliyi üçün önəmli imkanlar yaradır: "Belə bir platformada Azərbaycanın davamlı iştirakı ölkəmizin balanslı xarici siyasət kursunun praktik nəticəsi kimi çıxış edir. Azərbaycan bu forumda həm regional sabitliyin təminatçısı, həm də Şərq ilə Qərb arasında etibarlı körpü rolunu bir daha nümayiş etdirir. Özəlliklə, çoxtərəfli diplomatiyanın zəiflədiyi bir dönəmdə Azərbaycanın dialoq təşəbbüsləri, vasitəçilik imkanları daha da aktuallaşır.

Antalya Diplomatiya Forumu həm də yeni iqtisadi işbirliyi imkanlarının müzakirə olunduğu mühüm platformadır. Burada aparılan ikitərəfli görüşlər, çoxtərəfli müzakirələr Azərbaycanın nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və regional inteqrasiya təşəbbüslərinin təşviqi baxımından xüsusi önəm kəsb edir.

Ümumilikdə, bu forumda Azərbaycan Prezidentinin növbəti dəfə iştirakı ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, diplomatik aktivliyinin genişlənməsinə və qlobal gündəliyin formalaşmasında söz sahibi kimi mövqeyinin güclənməsinə xidmət edir. Bu, həm də Azərbaycanın forumun ev sahibi olan ölkəyə - Türkiyəyə sarsılmaz qardaşlıq bağlarının təntənəsidir",- deyə o qeyd edib.

Müxbir-Nailə Həsənova

Seçilən
14
azertag.az

1Mənbələr