Dünyada baş verən neqativ hadisələr və fəlakət xəbərləri böyüklər kimi uşaqlarda da ciddi narahatlıq yarada bilər.
Pravda.az valideynlərin bu dövrdə uşaqlarla necə ünsiyyət qurması ilə bağlı tövsiyələri təqdim edir:
Məhdudiyyət qoyun və nəzarət edin
Uşaqların televizor və ya sosial media vasitəsilə sarsıdıcı görüntülərə məruz qalmasının qarşısını alın. Xüsusilə kiçik yaşlı uşaqlar üçün bu cür informasiya yükü travmatik ola bilər.
Dürüst olun, lakin detallara girməyin
Uşağınızın suallarını cavabsız qoymayın. Baş verənləri onun yaşına uyğun, sadə dillə izah edin. Hadisənin detallarını, qorxunc tərəflərini paylaşmaqdan qaçın, lakin yalan da deməyin.
Təhlükəsizlik hissini bərpa edin
Uşaqlar neqativ xəbər duyduqda "mənə və ya ailəmə bir şey olacaqmı?" qorxusu yaşayırlar. Onlara hazırda güvəndə olduqlarını və sizin onların yanında olduğunuzu hiss etdirin.
Duyğularını ifadə etməyə şərait yaradın
Uşağın qorxusunu və ya kədərini dəyərsizləşdirmək, "qorxmağa ehtiyac yoxdur" demək əvəzinə, "qorxmağını anlayıram, mən də bəzən belə hiss edirəm" kimi ifadələrlə onu anladığınızı göstərin.
Gündəlik rejimi qoruyun
Xəbərlərin gətirdiyi qeyri-müəyyənliklə mübarizə aparmağın ən yaxşı yolu gündəlik rutinləri (yemək saatı, oyun saatı, yuxu vaxtı) dəyişməməkdir. Bu, uşağa həyatın normal axarında davam etdiyi mesajını verir.
Xatırlatma: Uşaqlar hadisələrə sizin reaksiyanıza görə forma verirlər. Əgər siz həddindən artıq təşviş nümayiş etdirsəniz, uşağınızın qorxusu daha da artacaq. Sakit qalmağa çalışın.
Əminə Bayramova