AZ

Taksi fəaliyyətində dəyişiklik

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, müvafiq dəyişikliklərlə bağlı təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır. Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının hüquqi qüvvəsi dayandırılır və ya da ləğv edilir.

Yeni qaydalara əsasən, ilk növbədə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə daha ciddi nəzarət tətbiq olunacaq. Belə ki, avtomobillərin mühərrik sistemi, əyləc mexanizmləri, təhlükəsizlik avadanlıqları və ekoloji göstəriciləri müəyyən olunmuş standartlara uyğun olmalıdır. Texniki baxışdan keçməyən və ya normativlərə cavab verməyən nəqliyyat vasitələrinin sərnişin daşımalarına cəlb olunmasına icazə verilməyəcək. Bununla yanaşı, avtomobillərin daxili tərtibatına da xüsusi diqqət yetiriləcək. Sərnişinlərin rahatlığını təmin etmək üçün salonun təmizliyi, oturacaqların vəziyyəti, havalandırma və kondisioner sistemlərinin işlək olması əsas şərtlərdən biri olacaq. Eyni zamanda, təhlükəsizlik kəmərlərinin mövcudluğu və istifadəsi məcburi xarakter daşıyacaq. Qeyd olunan yeniliklərin əsas məqsədi sərnişinlərin təhlükəsizliyini artırmaq, xidmət keyfiyyətini yüksəltmək və nəqliyyat sahəsində nizam-intizamı gücləndirməkdir. Gözlənilir ki, bu dəyişikliklər həm sürücülər, həm də sərnişinlər üçün daha komfortlu və etibarlı mühit yaradacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, son illərdə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Taksi fəaliyyəti üçün xüsusi icazə sənədi tələb olunur və sürücülərin peşəkar hazırlığı, stajı və davranış qaydaları ilə bağlı tələblər ön plana çıxıb. Avtomobillərin yaşı və texniki vəziyyəti ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, nağdsız ödənişlər genişləndirilib və mobil tətbiqlər üzərindən fəaliyyət daha şəffaf şəkildə izlənir. Sərnişinlərin təhlükəsizliyini artırmaq məqsədilə sürücülərin qeydiyyatı və məlumat bazasının formalaşdırılması prosesi gücləndirilib. Yeni qərar bu sahədə aparılan islahatların davamıdır. Qərar əsasən nəqliyyat vasitələrinin daxili və xarici tərtibatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsini əhatə edir. Söhbət sürücü haqqında məlumat lövhəsinin olmasından, post-terminalın quraşdırılmasından, avtomobilin təmiz və səliqəli saxlanılmasından, xarici görünüşünün normal olmasından, eləcə də avtomobilin istehsal ili kimi meyarlardan gedir. Proses hələ başlanğıc mərhələsindədir: "Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi aydın olacaq. Fikrimcə, sürücülərə və taksi şirkətlərinə öz avtomobillərini təkmilləşdirmək və daha yeni nəqliyyat vasitəsi ilə fəaliyyətini davam etdirmək imkanı və vaxtı verilməlidir. Bu işdə həm taksi şirkətləri, həm də hazırda bazarda fəaliyyət göstərən onlayn platformalar mühüm rol oynaya bilər. Düşünürəm ki, onlar da öz avtomobil parkını yeniləməkdə maraqlıdırlar".

Ekspertin fikrincə, yeni tələblərə uyğun gəlməyən taksilər mərhələli şəkildə sistemdən çıxarıla bilər: "Hazırda Bakıda təxminən 41-42 min taksi qeydiyyatdan keçib. Amma Bakı şəhəri üzrə limitin 25 min olması nəzərdə tutulur. Bu o deməkdir ki, tələblərə uyğun gəlməyən avtomobillər mərhələli şəkildə sistemdən çıxarıla bilər, uyğun olanlar isə fəaliyyətini davam etdirəcək. Burada belə bir yanaşma da var ki, tələblərə cavab verməyən taksilərə kart verilməsin, əgər verilibsə də, həmin kart ləğv olunsun. Amma bu məsələ müəyyən hüquqi mübahisələr yarada bilər. Çünki vətəndaş haqlı olaraq sual verə bilər ki, eyni avtomobilə bir il əvvəl kart verilibsə, indi niyə həmin kart ləğv edilir? Bu səbəbdən də gələcəkdə narazılıqlar və hüquqi mübahisələr yarana bilər. Ona görə də bu qaydaları hazırlayacaq aidiyyəti qurumlar məsələyə çox diqqətlə yanaşmalıdır".

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeniliklərin əsas məqsədi sərnişinlərin daha təhlükəsiz və keyfiyyətli daşınmasını təmin etməkdir. Dəyişikliklər təkcə avtomobillərin texniki vəziyyəti ilə məhdudlaşmayacaq. Avtomobillərin daxili və xarici görünüşü, komfort səviyyəsi və xidmət keyfiyyəti ilə bağlı standartlar da sərtləşdirilə bilər ki, bu da sürücülər üçün əlavə öhdəliklər deməkdir: "Qanundakı dəyişikliklər həm taksi fəaliyyəti göstərən sürücülərə, həm də qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan şəxslərə şamil olunacaq. Fərdi qaydada işləyən sürücülərlə yanaşı, müxtəlif platformalar üzərindən fəaliyyət göstərən sürücülər də bu qaydalara tabe olacaq. Yeni qaydalar qüvvəyə mindikdən sonra sürücülər avtomobillərin texniki baxışı daha ciddi nəzarətdə saxlanılacaq və müəyyən olunacaq standartlara uyğun fəaliyyət göstərəcək".

Ekspert hesab edir ki, yeni qərarın taksi bazarında həm keyfiyyətin artırılmasında, həm rəqabət mühitinin yaxşılaşdırılmasında, eyni zamanda təhlükəsizlik baxımından ciddi bir təsiri olacaq. Artıq istənilən avtomobili taksi fəaliyyətində istismar etmək mümkün olmayacaq. Maşının həm texniki vəziyyəti, həm görünüşü müvafiq standartlara cavab verməlidir. Ancaq bu da o demək deyil ki, bu günə qədər fəaliyyət göstərən taksi sürücülərinə bu, çox mənfi təsir edəcək. Belə deyil: "Bu qərar qüvvəyə minəndən sonra artıq bu tələblər də həyata keçəcək. Bu tələblərə əsasən həm daşıyıcı şirkətlər, həm də taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət göstərməli olacaqlar. Texniki cəhətdən uyğun olmayan, köhnə, komfortsuz avtomobillər taksi fəaliyyəti dövriyyəsindən yavaş-yavaş çıxarılacaqlar. Həmçinin taksidə və qeyri-müntəzəm sərnişin daşımalarında istismar olunan digər nəqliyyat vasitələrinin parkı da yenilənəcək. Bu sahədə ancaq yeni komfortlu, təhlükəsiz avtomobillər istifadəyə veriləcək. Bir sözlə, taksi sistemi daha nizamlı və keyfiyyətli sistemə keçəcək. Daha keyfiyyətli və güvənli bir sistemlə idarə olunacaq, nəticədə isə daha təhlükəsiz, komfortlu və peşəkar xidmət formalaşacaq".

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, yeni qaydalar taksi qiymətlərinə təsir edəcək: "Taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər, anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirik ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Bu gün Nazirlər Kabinetinin imzaladığı qərara əsasən artıq bu sahədə müxtəlif tələblər ortaya qoyulur. Həm taksi fəaliyyəti sahəsində, eyni zamanda digər sərnişin daşımalarda artıq müəyyən tələblər qoyulub. Təbii ki, islahatlar aparıldığı zaman razı və narazı qalan kütlə olur. Taksi istifadəçiləri burada tətbiq edilən qaydalarla, tələblərlə, yəqin ki, razı qalacaqlar. Müəyyən qədər taksilərin fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin keyfiyyəti yüksəldiləcək. Təbii ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və yaxud da fiziki şəxslərdə isə bu, müəyyən qədər çətinlik yaradacaq".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
525.az

1Mənbələr