AZ

Gizli Dədə Qorqud un aşkar dəyəri haqqında sərrast mülahizələr

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şahanə MÜŞFİQ

Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı il üçün təqdim edilmiş işlərin adları açıqlanıb. Ümumilikdə Dövlət mükafatlarına 21 iş təqdim edilib. Onlardan 15-i elm və texnologiya sahəsinə, 5-i memarlıq və mədəniyyətə, 1-i isə ədəbiyyat sahəsinə aiddir.

Ədəbiyyat sahəsində Azərbaycan Yazıçılar Birliyi tərəfindən Dövlət mükafatına Əməkdar elm xadimi, Xalq yazıçısı, akademik Kamal Abdullanın "Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında" kitabı təqdim olunub. Yayımlandığı ilk gündən ədəbiyyatşünaslığın və mətbuatın diqqətini öz üzərinə çəkməyi bacaran əsər haqqında bu günə kimi bir çox tənqidçilər, ədəbiyyatşünas-alimlər məqalələr yazıblar. Bu yazıda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, ədəbiyyatşünas, tərcüməçi, professor Cəlil Nağıyev və Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun kitab haqqındakı fikirləri yer alıb.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin fikrincə, Xalq yazıçısı, akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud: yeni mənalar axtarışında" adlı monoqrafiyası müasir qorqudşünaslıqda keyfiyyətcə yeni mərhələni ifadə edən fundamental tədqiqat kimi diqqəti cəlb edir:

"Əsər müəllifin uzun illər ərzində Kitabi-Dədə Qorqud üzərində apardığı araşdırmaların məntiqi yekunu olmaqla yanaşı, bu mövzunun öyrənilməsinə fərqli nəzəri baxış bucağı gətirir.

Monoqrafiyanın başlıca üstünlüyü ənənəvi filoloji yanaşma çərçivəsini aşaraq abidəni statik mətn kimi deyil, çoxqatlı və dinamik semantik sistem kimi təqdim etməsindədir. Müəllif mətnin yalnız struktur elementlərini təsvir etməklə kifayətlənmir, eyni zamanda mənanın formalaşması və dəyişməsi mexanizmlərini araşdıraraq onu canlı interpretasiya müstəvisinə çıxarır. Bu isə epik irsin dərin qatlarının üzə çıxarılmasına və daha geniş elmi kontekstdə dərk olunmasına imkan yaradır.

Tədqiqatın nəzəri əsasını təşkil edən "gizlilik" anlayışı xüsusi elmi əhəmiyyət kəsb edir. Müəllif bu anlayışı sadəcə metaforik ifadə kimi deyil, mətnin görünməyən semantik qatlarına nüfuz etməyə imkan verən metodoloji açar kimi əsaslandırır. Bu yanaşma nəticəsində abidə zahiri süjet və motivlərin məcmusu olmaqdan çıxaraq, daha geniş və çoxqatlı məna sisteminin daşıyıcısı kimi təqdim olunur. Beləliklə, interpretasiya prosesi mətnin açıq səthindən onun gizli semantik dərinliklərinə doğru istiqamətlənir.

Əsərdə müxtəlif elmi metodların sintez şəklində tətbiqi müəllifin metodoloji çevikliyini nümayiş etdirir. Semiotika, strukturalizm, psixoanaliz və digər yanaşmalar sistemli şəkildə bir araya gətirilərək vahid interpretativ model qurulur. Bu model təsadüfi deyil, mətnin daxili məntiqinə uyğun şəkildə seçilmiş və tətbiq olunmuş metodların üzvi vəhdətinə əsaslanır. Nəticədə əldə olunan elmi qənaətlər subyektiv şərh səviyyəsini aşaraq nəzəri cəhətdən əsaslandırılmış konsepsiyaya çevrilir.

Monoqrafiyanın mühüm xüsusiyyətlərindən biri də müqayisəli mifoloji təhlilin dərin və konseptual xarakter daşımasıdır. Müəllif yunan və türk epik sistemlərini qarşılaşdırarkən sadəcə zahiri oxşarlıqlarla kifayətlənmir; əksinə, bu paralellər vasitəsilə yeni elmi suallar və problemlər ortaya qoyur. Bu kontekstdə Odissey-Basat-Beyrək, Polifem-Təpəgöz, Edip-Buğac, Admet-Herakl-Dəli Domrul, Selcan Xatun-Yelena, Salur Qazan-Aqamemnon kimi tutuşdurmalar aparılır və bu müqayisələr dərin semantik qatların açılmasına xidmət edir. Müəllifin qoyduğu suallar - məsələn, Polifemin "görünməyən" qatının Təpəgöz obrazının davamlı görümlülüyü fonunda üzə çıxarılması kimi problemlər - bu yanaşmanın sadəcə müqayisə deyil, yeni idrak istiqaməti yaratdığını göstərir. Bu paralellərin məqsədi bir obrazın kamilliyi fonunda digərinin natamam tərəflərini üzə çıxarmaq, gizli semantik əlaqələri aşkarlamaq və bütün bu məna qatlarını ümumi bir mədəni "anavariant" istiqamətində birləşdirməkdir.

Akademik Kamal Abdullanın araşdırmaları təkcə interpretativ baxımdan deyil, həm də metodoloji yenilikləri ilə seçilir və qorqudşünaslıqda orijinal, konseptual istiqamətin formalaşmasına səbəb olur. Müəllif eposa "mif və yazı", "məntiq və məntiqsizlik", "semantik boşluqlar" və "semantik sayrışmalar" kimi kateqoriyalar prizmasından yanaşaraq mətnin daxili semantik strukturlarını yeni aspektlərdə açır. Bununla yanaşı, mifolinqvistik yanaşmaların tətbiqi epik düşüncə ilə dilin qarşılıqlı əlaqələrini daha dərindən anlamağa imkan verir. Bu yanaşmaların vəhdəti nəticəsində abidənin təhlili yeni nəzəri çərçivəyə daxil edilir və qorqudşünaslığın metodoloji imkanları əhəmiyyətli dərəcədə genişlənir.

Kamal Abdullanın qorqudşünaslıq axtarışlarının özünəməxsusluğu və elmi miqyası yalnız konkret problemlərə verdiyi cavablarla məhdudlaşmır. Əksinə, onun "Kitabi-Dədə Qorqud" eposuna münasibətdə irəli sürdüyü sualların özü də kifayət qədər orijinallıq daşıyır və yeni düşüncə istiqaməti formalaşdırır. Alimin "Baybura bəyin gözləri niyə açıldı?", "Nə üçün Təpəgözün bir gözü var?" kimi sualları, yaxud "Təpəgözün intihar arzusu" kimi qeyri-adi rakursdan məsələyə yanaşması mətnə ənənəvi çərçivədən kənar baxışın parlaq nümunəsidir.

Şübhəsiz, bu suallara verilən cavablar elmi baxımdan əsaslı və inandırıcıdır. Lakin daha önəmlisi, məsələlərin məhz bu şəkildə qoyuluşudur. Bu yanaşma tədqiqat obyektini sabit və qapanmış sistem kimi deyil, daim yeni mənalar doğuran açıq struktur kimi təqdim edir. Bu baxımdan, müəllifin irəli sürdüyü suallar yalnız izah vermək məqsədi daşımır, eyni zamanda yeni nəsil qorqudşünaslar üçün düşünmə istiqaməti müəyyənləşdirən bir növ elmi çağırış funksiyası daşıyır.

Beləliklə, eposa bu məntiqlə yanaşma - onun çoxqatlı, sirli və gizli məna qatlarını üzə çıxarmaq, kəşf etmək və "fəth etmək" istəyi - Kamal Abdullanın tədqiqatlarını fərqləndirən əsas cəhətlərdən biri kimi çıxış edir. Bu yanaşma yalnız mövcud bilikləri sistemləşdirmir, həm də yeni elmi axtarışlara yol açaraq qorqudşünaslığın gələcək inkişaf perspektivlərini müəyyən edir.

Ümumilikdə, bu monoqrafiya yalnız konkret epik abidənin təhlili ilə məhdudlaşmır, həm də folklorun semantik təbiəti, mədəni yaddaşın işləmə mexanizmləri və interpretasiya prinsipləri haqqında yeni elmi model irəli sürür".

Professor Cəlil Nağıyev qeyd edir ki, Kamal Abdulla həm dilçi alim kimi, həm ədəbiyyatşünas (folklor, mifologiya) kimi, həm də bir ədib (şair, nasir, dramaturq, esseist) kimi novator sənətkardır. Onun novatorluğunun bariz nümunəsi mənsub olduğu və ilk dəfə Azərbaycanda özünün yaratdığı ədəbi-estetik sistem-konsepsiyadır. O, milli elmimizdə və ədəbiyyatımızda postmodernizm ədəbi, fəlsəfi cərəyanın yaradıcısı və görkəmli nümayəndəsidir. Onun elmi yaradıcılığının zirvəsi olan "Gizli Dədə Qorqud" silsiləsi isə xüsusilə dəyərli əsərdir. Dünya dastan yaradıcılığının nadir incilərindən biri olan "Gizli Dədə Qorqud" eposu həm xarici ölkələrdə, həm də Azırbaycanda kifayət qədər ətraflı şəkildə tədqiq olunub. Bütün bu mövcud tədqiqatlardan çıxış edərək düşünmək olar ki, bu abidə, demək olar ki, tamamilə öyrənilib, bu sahədə daha yeni heç nə demək olmaz. Amma Kamal Abdulla "Gizli Dədə Qorqud" silsiləsini yaratmaqla sübut etdi ki, olar. Bu postmodernist yanaşma, orijinal araşdırma nəticəsində oldu. Əsərin adından da göründüyü kimi, tədqiqatçı bu əsəri ənənəvi formada deyil, fərqli şəkildə araşdırıb. Daha doğrusu, o, dastanın adi, hamının gördüyü zahiri tərəflərini deyil, başqalarının görmədiyi dastanın mətninin alt qatında, gizlində olan istiqamətlərini aşkara çıxardı, tədqiq etdi. Müəllif bu araşdırmaları ilə sübut etdi ki, "Gizli Dədə Qorqud" dastanının görünən tərəfləri nə qədərdirsə, görünməyən (gizlində olan) tərəfləri də o qədərdir. "Gizli Dədə Qorqud"un yaranma şəcərəsini dastanda olan bir motivlə - Təpəgözün dünyaya gəlməsi ilə müqayisə etmək olar:

Dastanda Təpəgözün (Siklop, Polifem) "bir yağanaq"dan doğulduğu deyilir: "Çoban bu yığanağı görcək ibrət aldı. Geri döndi. Sapan taşına tutdı. Urdıqca büyüdi". Dastanın gizlində olan, adi gözlə görünməyən alt qatındakı motivlər, bədii materiallar "bir yağanaq" kimi Kamal Abdullanın "sapan taşı"nın hədəfinə çevrildi və nəticədə bir-birinin ardınca "Gizli Dədə Qorqud" (1991), "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud - 2" (1999), "Mifdən yazıya, yaxud Gizli Dədə Qorqud" (2009), "Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən variant" (2017) və nəhayət bu yaxında çapdan çıxmış "Gizli "Dədə Qorqud - yeni mənalar axtarışında" (2025) əsərləri dünyaya gəldi.

K.Abdullanın bu dastanla bağlı araşdırmaları dünya qorqudşünaslığında mühüm əhəmiyyət kəsb edir. Bu araşdırmalar bir daha sübut etdi ki, "Kitabi-Dədə Qorqud" dastanının öyrənilmə potensialı tükənməyib və bu əsər bundan sonra da fərqli istiqamətlərdə təkrar-təkrar tədqiq ediləcək".

Akademik Nizami Cəfərov bir müddət öncə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş "Qədim eposun müasir dərki" məqaləsində yazır: "Kamal Abdulla "Dədə Qorqud"un sirlərini, artıq qeyd etdiyimiz kimi, fakt-fakt, motiv-motiv, kompleks-kompleks açır. 1991-ci ildən başlayaraq, bu mövzuda onun çoxlu məqalə, müsahibə və kitablarının (özü də müxtəlif dillərdə) yayımlandığı və bu əsərlərin hər birinin hadisəyə çevrildiyi, geniş müzakirələr doğurduğu məlumdur. O da məlumdur ki, müəllif əsərdən-əsərə yeni mülahizələr, qənaətlər, nəticələr (və müxtəlif miqyaslı kəşflərlə) keçmişdir. "Gizli Dədə Qorqud" silsiləsini göz önündə canlandırıb, görkəmli alimin tədqiqat üsulu barədə düşünərkən belə bir fikrə gəlməmək mümkün deyil ki, Kamal Abdulla hər şeyi zahirən adi görünən bir sözdən başlayıb bütöv bir obraza, süjetə, ideyaya qədər gedir, ancaq apardığı təhlilin heç bir mərhələsində həmin o "adi söz"ü - dayaq nöqtəsini (çox mürəkkəb ideyalar kompleksinin toplanıb sıxıldığı nöqtəni) unutmur. Ona görə də müəllifin mülahizələri nə qədər şaxələnib işıq şüaları kimi mövzunun qaranlıq, dumanlı qatlarına, süxurlarına yayılsa da, mənbəyi məlum olduğundan, nəticə etibarilə, öz məntiqi sistemindən, metodoloji bütövlüyündən yayınmır.

Silsilənin yeni kitabı biri digəri ilə sıx bağlı olan beş mövzunu ehtiva edir ki, buraya 1) mifdən yazıya və yaxud sirr içində dastan, 2) anavariantlara doğru, 3) mətnin semantik boşluqları, 4) mətnin oyun elementləri və 5) gizlindəki semantik sayrışmalar daxildir. Bu mövzuların hər biri eposun son dərəcə səciyyəvi dil-mətn materialları əsasında, onların üzərində aparılmış genişmiqyaslı müşahidələrin nəticəsi olaraq işlənmişdir. Azacıq diqqət yetirilsə, dərhal görünər ki, müəllif sitat gətirməyə o qədər də meyilli deyil, yalnız xüsusi hallarda, onda da mötəbər ümumnəzəri mənbələrə müraciət edir. Fikrimizcə, bunun birinci səbəbi odur ki, müəllifin yüksək elmi-metodoloji hazırlığı hər dəfə istinad axtarmağa ehtiyac görmür; ikincisi, əsərdə istinad funksiyasında məhz eposun öz materialları və həmin materiallarla, əsasən, qədim yunan eposundan olan materialların müqayisəsi çıxış edir; nəhayət, üçüncüsü, kitabın (və müəllifin) üslubunda aydın şəkildə özünü göstərən lirik-fəlsəfi və ya esseistik intonasiya, ən əsası isə, eposun öz ruhundan ilham alaraq qanadlanan məntiqi olduğu qədər də emosional, eşqli təxəyyül sitat (və polemika) prozaikliyinə enmir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr