AZ

Azərbaycanda rejissor və aktyorlar işsiz qalacaq?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda süni intellekt texnologiyalarının kino sahəsinə tətbiqi artıq real nümunələrlə özünü göstərməyə başlayıb. 

AzTV-nin “Tariximizlə qürur duyuruq” layihəsi çərçivəsində təqdim olunan və tamamilə süni zəka vasitəsilə hazırlanan “Sultan Həsən Bahadur” filmi bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir. Eyni zamanda ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur. 

Film bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir. Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur. 

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır. 

Gələcəkdə aşağı xərclər və texnoloji imkanlar səbəbindən süni intellektlə hazırlanan ekran işlərinə maraq artsa, bu, kino sənayesində ənənəvi peşələrə, xüsusilə rejissor və aktyor fəaliyyətinə təsir edə bilərmi? 

“Cebheinfo.az”-a açıqlamasında rejissor Seyran Mahmudoğlu bildirib ki, süni intellektin imkanlarının film istehsalına tətbiqi qaçılmazdır və bundan mütləq faydalanmaq lazımdır. O qeyd edib ki, xüsusilə tarixi hadisələrin canlandırılmasına ehtiyac duyulan sənədli filmlərdə bu imkanlar daha əhəmiyyətlidir: 

“Çünki bu, çox böyük işçi qüvvəsi, zaman itkisi və maliyyə tələb edir. Süni intellektin imkanlarından faydalanmaqla həm vaxt, həm də maliyyə sərfini xeyli azaltmaq mümkündürsə, niyə də olmasın? 

Lakin bu zaman eyni görüntü və üslubun fərqli layihələrdə təkrarlanması, bir-birinə bənzəmə riski yaranır. Bu isə layihəyə daha təcrübəli mütəxəssislərin, yaradıcı heyətin cəlb olunmasını tələb edir”. 

Seyran Mahmudoğlu vurğulayıb ki, süni intellekt texnologiyaları film istehsalında xərcləri və vaxt itkisini azaltsa da, yaradıcılığın əsasını təşkil edən insan amilini, emosional təsiri və “ruh”u əvəz edə bilməz:

“Yəni süni intellektdən istifadə filmin və ya layihənin maliyyə xərclərini və vaxt itkisini azaldır, lakin yaradıcı heyətin məsuliyyətini azaltmır. Bu, bədii filmlər üçün də keçərlidir. 

Tamaşaçını ekrana bağlayan yalnız gözəl görüntü deyil, eyni zamanda maraqlı süjet xətti, rejissor yozumu və təbii aktyor oyunu ilə obrazla tamaşaçı arasında yaranan emosional bağdır. 

Mənim fikrimcə, süni intellektlə hazırlanan filmlər bir müddət təbiiliyə yaxınlığı ilə heyrətləndirə bilər. Lakin zaman keçdikcə bu “təbiilik” adiləşəcək və tamaşaçı gerçək emosional bağ qurmağı seçəcək. 

Çünki süni intellekt nə qədər geniş imkanlara sahib olsa da, onun ruhu yoxdur. Yaradıcılıqda isə ruh çox vacibdir”.

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

süni intellekt Seyran Mahmudoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr