AZ

Televiziya proqramları, seriallar, sosial media və virtual oyunlar... Yeniyetmələr niyə qəddarlaşıb?

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb. Son günlər qeydə alınan bu hadisələr təhlükəsizlik və yeniyetmələr arasında artan zorakılıq meyilləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Türkiyəli təhlükəsizlik və strateji məsələlər üzrə ekspert Abdullah Ağar AZXEBER.COM-a bildirib ki, bu hadisələri təkcə fərdi cinayət kimi dəyərləndirmək olmaz:

"Bu hadisələri təkcə fərdi cinayət kimi deyil, daha geniş və dərin bir təhlükənin - "zehin işğalı”nın nəticəsi kimi qiymətləndirmək lazımdır. Son dövrlərdə artan zorakılıq halları yalnız psixoloji və sosial problemlərlə izah oluna bilməz. Cəmiyyət getdikcə həqiqətdən uzaqlaşır, bunun yerini isə süni reallıq və manipulyasiya olunmuş informasiya tutur. Televiziya proqramları, seriallar, sosial media və bəzi oyunlar sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda insan şüuruna təsir edən alətlərə çevrilib.

Bu sistem diqqəti, davranışı və düşüncəni yönləndirərək zorakılığı normallaşdırır, mənəvi dəyərləri zəiflədir və xüsusilə gəncləri təsir altına salır”.

O deyib ki, insanlar nə üçün yaşadıqlarını bilmirlər:

"Müasir dövrdə informasiya çoxalsa da, "həyata məna vermək” azalıb. İnsanlar nə üçün yaşadıqlarını bilmirlər. Bu isə "yönsüzlük” və "məna boşluğu” yaradır. "zehin işğalına qarşı müdafiə doktrinası” yaradılmalıdır. Bu yanaşmaya görə, cəmiyyət üç səviyyədə-fərd, ailə və dövlət səviyyəsində daha güclü filtr, diqqət intizamı və dəyərlər sistemi qurmalıdır. Xüsusilə uşaqlara erkən yaşdan informasiya mənbələrini sorgulamaq bacarığının öyrədilməsi vacib hesab olunur”.

"Bu cür hadisələr ani deyil, uzun müddətdə yığılan mənəvi və düşüncə böhranının nəticəsidir. "Zehnini qoruya bilməyən cəmiyyət, heç bir sərhədini qoruya bilməz”,-deyə ekspert vurğulayıb.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azxeber.com

1Mənbələr