Bakı, 17 aprel, AZƏRTAC
Beşinci Antalya Diplomatiya Forumunda Cənubi Qafqazda baş verən son proseslərin də müzakirə mövzuları sırasında yer alması regionun beynəlxalq gündəmdə xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Eyni zamanda, qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və müxtəlif regionlarda müşahidə olunan inkişaf meyilləri geniş spektrdə diqqət mərkəzində saxlanılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O vurğulayıb ki, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlər üzrə formalaşan əsas məsələlər forumun müzakirələrinin aparıcı xəttini təşkil edir. Məhz bu çoxşaxəli yanaşma çərçivəsində qlobal çağırışların daha dərindən təhlil olunması, müxtəlif tərəflər arasında fikir mübadiləsinin genişləndirilməsi və ortaq həll yollarının müəyyənləşdirilməsi üçün əlverişli şərait yaradılır.
Milli Məclisin deputatı xatırladıb ki, 2021-ci ildən etibarən ənənəvi olaraq keçirilən Antalya Diplomatiya Forumu dünyada mövcud olan aktual məsələləri müzakirəyə çıxarır. Ona görə də, hər il Forum beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur. Məsələn, 2022-ci ildə keçirilən forumda o vaxt yeni başlanmış Rusiya - Ukrayna müharibəsi geniş müzakirə edilmişdi. Həmin forum çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətinin görüşü təşkil edilmişdi. Münaqişənin həllinə dair “İstanbul prinsipləri”nin əsası da orada qoyulmuşdu.
Samir Vəliyev qeyd edib ki, qloballaşma bu gün klassik qarşıdurma mərhələsindən daha mürəkkəb bir fazaya keçib. Müharibələr, sanksiyalar, enerji və logistika zəncirlərində qırılmalar göstərir ki, beynəlxalq münasibətlərdə boşluqlar yaranır və bu boşluqları ya sərt güc doldurur, ya da alternativ diplomatik mexanizmlər. Bu baxımdan müasir dövrdə əsas sual “kim güclüdür” deyil, “kim daha çox əlaqələndirə bilir” sualıdır. Belə bir şəraitdə Antalya Diplomatiya Forumu kimi platformaların rolu yalnız tədbir səviyyəsində qiymətləndirilə bilməz. Bu tip forumlar faktiki olaraq paralel diplomatiya kanalları yaradır. Rəsmi danışıqların dalana dirəndiyi məqamlarda məhz bu cür mühitlərdə tərəflər daha elastik mövqe nümayiş etdirə bilir. Ona görə də bu platformaların önəmi qəbul olunan qərarlarla yox, yaratdığı imkanlarla ölçülür.
"Prezident İlham Əliyevin Forumda iştirakı Azərbaycanın seçdiyi xəttin davamıdır. Bu xəttin mahiyyəti kəskin bloklaşmadan yayınmaq və müxtəlif güc mərkəzləri ilə paralel işləyə bilməkdən ibarətdir. Mövcud beynəlxalq mühitdə bu, passiv neytrallıq deyil, aktiv balans siyasətidir. Bu siyasət Azərbaycanın həm regional proseslərdə, həm də daha geniş coğrafiyada qəbul edilən tərəf kimi mövqeyini gücləndirir. Digər tərəfdən, Prezidentin mötəbər beynəlxalq tədbirlərə dəvət edilməsi onun və dövlətimizin yüksək nüfuzunun göstəricisidir. Dövlətimizin başçısının Forum çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlərində ifadə olunan fikirlər də bunu təsdiqləyir. Bu da təsadüfi deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Hazırda dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış və regionda sülhün təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Bu amil regionumuzun bundan sonra sülh və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsini və nüfuzunun yüksəlməsini şərtləndirir.
“Eyni zamanda, bu forum Türkiyəni qlobal güc kimi təqdim edir. Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə yürüdüyü siyasət Ankaranı təkcə regional aktor yox, həm də vasitəçi və təşəbbüskar güc kimi təqdim etməyə yönəlib. Antalya platforması da bu strategiyanın praktik təzahürüdür”, - deyən Samir Vəliyev əlavə edib.