AZ

Leyla Əli açıqladı: Məktəblərdə zorakılığın arxasında hansı səbəblər dayanır?

Son illərdə dünyanın müxtəlif ölkələrində, eləcə də regionumuzda məktəblərdə baş verən zorakılıq halları cəmiyyət üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Xüsusilə yeniyetmələrin ağır cinayətlərə əl atması ailə, məktəb və cəmiyyət münasibətlərində mövcud boşluqları bir daha gündəmə gətirir. Mütəxəssislər hesab edirlər ki, bu kimi halların qarşısının alınması üçün uşaqların psixoloji durumuna vaxtında diqqət yetirilməsi, sağlam ailə münasibətlərinin qurulması və təhsil müəssisələrində təhlükəsiz mühitin gücləndirilməsi vacibdir. Mövzu ilə bağlı psixoloq Leyla Əli fikirlərini bölüşüb.

Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, bəzi valideynlər övladlarını kifayət qədər düzgün tanımır, onların davranışındakı dəyişiklikləri isə adi və keçici hal kimi qiymətləndirirlər:

 

“Çox vaxt aqressiya, kobud davranış və qaydalara qarşı çıxmaq “keçid dövrüdür” deyilərək kiçildilir. Emosiyaların açıq ifadə olunmadığı ailələrdə passiv aqressiya — susmaq, inciklik saxlamaq, dolayı münasibət göstərmək — normal ünsiyyət forması kimi qəbul edilir və uşaq da bu davranış modelini mənimsəyir.

 

Eyni zamanda yeniyetməlik dövründə özünü sübut etmək, fərqlənmək və “qəhrəman olmaq” istəyi daha güclü olur. Bu ehtiyac ailədə və ya cəmiyyətdə boğulduqda, yeniyetmə diqqət çəkmək və özünü təsdiqləmək üçün aqressiv davranışlara meyl göstərə bilər”.

 

Onun sözlərinə görə, son illər yeniyetmələr arasında aqressiv davranışların artması ciddi narahatlıq doğurur:

 

“Bu hallar təsadüfi deyil. Yeniyetməlik dövrü psixoloji baxımdan həssas mərhələdir. Anlaşılmamaq hissi, daxili gərginlik və ailədaxili problemlər aqressiya şəklində üzə çıxa bilər. Valideynlərin ən böyük yanlışlarından biri bu siqnalları vaxtında görməmələridir. Halbuki aqressiyanın arxasında depressiya, impulslara nəzarət çətinliyi və digər psixoloji problemlər dayana bilər.

 

Problemin qarşısını almaq üçün erkən psixoloji dəstək göstərilməli, valideyn-övlad münasibətləri möhkəmləndirilməli, sosial mühit və rəqəmsal təsirlər isə nəzarətdə saxlanılmalıdır. Nəticə etibarilə, hər aqressiv davranış bir siqnaldır. Həmin siqnalı vaxtında düzgün oxumaq gələcəkdə daha ağır problemlərin qarşısını ala bilər”.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr