AZ

NİYƏ MƏHZ PAKISTAN? İslam ölkəsi ABŞ İran danışıqlarında əsas vasitəçiyə çevrilir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Yaxın Şərqdə gərginlik artdıqca, Pakistan diplomatik proseslərdə gözlənilməz şəkildə mərkəzi aktora çevrilib. Hazırda İslamabad həm Vaşinqton, həm də Tehran arasında aparılan atəşkəs danışıqlarında əsas vasitəçi rolunu oynayır və tərəflər arasında mesajların ötürülməsi məhz Pakistan vasitəsilə həyata keçirilir.

Məlumdur ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında aparılan danışıqlar Pakistanın paytaxtı İslamabadda keçirilib, lakin tərəflər arasında heç bir konkret razılaşma əldə olunmayıb.

Hazırda yeni raundun tarixi razılaşdırılmağa çalışılır. Ağ Evə yaxın mənbələr danışıqların “çox yavaş irəlilədiyini” bildirir. Buna baxmayaraq, yaxın günlərdə İslamabadda növbəti görüşün keçirilməsi ehtimalı yüksək qiymətləndirilir.

Planlaşdırılan danışıqlarda ABŞ tərəfini vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Prezidentin müşaviri Cared Kuşnerin təmsil edəcəyi gözlənilir. İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd-Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik edəcəyi bildirilir. Eyni zamanda tərəflər aprelin 21-də başa çatan müvəqqəti atəşkəsin daha iki həftə uzadılması ehtimalını da müzakirə edirlər.

Analitiklərin fikrincə, Pakistanın bu prosesdə fəallaşması təsadüfi deyil. Ölkə faktiki olaraq ABŞ Prezidenti Donald Trampın mesajlarını Tehrana çatdırır, eyni zamanda İranın mövqeyini Vaşinqtona ötürür.

Bu rolun arxasında həm regional təhlükəsizlik narahatlıqları, həm də iqtisadi maraqlar dayanır. Müharibənin genişlənməsi Pakistan üçün sərhəd təhlükəsizliyi, enerji asılılığı və daxili sabitlik baxımından ciddi risklər yaradır.

Prosesdə əsas fiqurlardan biri Pakistan ordusunun baş komandanı feldmarşal Asim Munirdir. Son illərdə onun ölkə daxilində siyasi və hərbi təsiri kəskin şəkildə artıb və o, faktiki olaraq ən güclü siyasi mərkəzlərdən birinə çevrilib.

2025-ci ilin payızında ona verilən geniş səlahiyyətlər – təhlükəsizlik qurumlarına nəzarət və hüquqi toxunulmazlıq Pakistanın siyasi sistemində hərbçilərin rolunu daha da gücləndirib. Bu isə ölkənin xarici siyasət kursuna da birbaşa təsir göstərir.

ABŞ administrasiyası da Munir ilə dialoqa xüsusi önəm verir. Donald Trampın onun fəaliyyətini müsbət qiymətləndirməsi və “işini yaxşı görən lider” kimi xarakterizə etməsi bu münasibətlərin səviyyəsini göstərir.

Son aylarda Vaşinqton və İslamabad arasında münasibətlər yenidən aktivləşib. Bu yaxınlaşmanın əsas səbəblərindən biri Hindistan–Pakistan gərginliyinin artması və ABŞ-nin Cənubi Asiyada balans siyasətini yenidən nəzərdən keçirməsidir. 2025-ci ildə baş verən yeni Hindistan–Pakistan toqquşmaları zamanı İslamabad Trampın vasitəçiliyini qəbul edib, Dehli isə ABŞ-nin müdaxiləsini tənqid etmişdi. Bu proses Pakistanın Vaşinqtonla diplomatik kanallarını daha da gücləndirib.

Eyni zamanda Pakistan ABŞ investorları üçün nadir yeraltı sərvətlər və enerji layihələri üzrə əməkdaşlıq təklifləri irəli sürüb. Bu isə iqtisadi əməkdaşlıqla yanaşı siyasi yaxınlaşmanı da sürətləndirib.

Pakistan hazırda çox mürəkkəb geosiyasi balansda hərəkət edir. Bir tərəfdən İranla dialoq və vasitəçilik rolunu saxlayır, digər tərəfdən isə Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlığı qoruyur. Ər-Riyadla imzalanmış qarşılıqlı müdafiə sazişi bu balansı daha da həssas edir. Sazişə görə, bir tərəfə hücum digərinə də hücum kimi qiymətləndirilə bilər. Bu isə Pakistanı potensial olaraq regiondakı istənilən eskalasiyaya cəlb edə bilər. Digər tərəfdən, Pakistanın iqtisadi asılılığı da nəzərə çarpır. Ölkənin xarici maliyyə dəstəyinə ehtiyacı, Səudiyyə investisiyalarına və Körfəz ölkələrindən enerji idxalına yüksək dərəcədə bağlılığı onun siyasi manevr imkanlarını məhdudlaşdırır.

İranla yenidən müharibə Pakistan üçün ciddi risklər yaradır. Xüsusilə ölkənin qərb sərhədlərində sabitliyin pozulması və 30–40 milyonluq şiə əhalinin reaksiyası İslamabad üçün həssas məsələdir. Eyni zamanda İranla iqtisadi və texniki əlaqələr də tam kəsilməyib. Tarixi əməkdaşlıq, o cümlədən nüvə proqramı ilə bağlı keçmiş əlaqələr, iki ölkə arasında tam qırılmanın qarşısını alır.

Bütün bu faktorlar göstərir ki, Pakistan təkcə vasitəçi deyil, həm də Yaxın Şərq və Cənubi Asiya arasında yeni güc balansının formalaşmasında aktiv oyunçudur. İslamabad bir tərəfdən ABŞ və Qərblə əlaqələrini gücləndirir, digər tərəfdən isə İran və Səudiyyə Ərəbistanı kimi rəqib mərkəzlərlə eyni anda dialoq saxlayır.

Analitiklərin fikrincə, Pakistanın bu “çoxvektorlu siyasəti” qısa müddətdə ona diplomatik üstünlük qazandıra bilər. Lakin regionda eskalasiya dərinləşərsə, bu balans siyasəti ölkəni daha böyük risklərlə üz-üzə qoya bilər.

Beləliklə, ABŞ–İran danışıqlarının İslamabadda keçirilməsi təkcə diplomatik texnika deyil, həm də dəyişən qlobal güc nizamının göstəricisi kimi qiymətləndirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
azpolitika.info

10Mənbələr