AZ

Epşteynlə əlaqəsi olan Piter Mandelson ABŞ-a səfir təyin edildi

Epşteynlə əlaqəsi olan Piter Mandelson ABŞ-a səfir təyin edildi

İngiltərənin Vaşinqtondakı səfirliyinə ötən il təyin edilən və 7 ay sonra Cefri Epşteynlə olan əlaqələrinə görə vəzifəsindən kənarlaşdırılan Piter Mandelsonun təhlükəsizlik yoxlamasından keçə bilmədiyi, lakin buna baxmayaraq təyinatının reallaşdığı ortaya çıxıb.

AFN.az xəbər verir ki, İngiltərənin "The Guardian" qəzetinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, 2024-cü ilin dekabrında Mandelsonun Vaşinqton səfiri təyin ediləcəyi açıqlandıqdan sonra Kabinet Ofisinə bağlı Etika və Uyğunluq Qrupu (PET) və Birləşmiş Krallıq Təhlükəsizlik Yoxlaması Bölməsi (UKSV) tərəfindən araşdırma aparılıb.

PET-in açıq mənbələr üzərindən həyata keçirdiyi araşdırma nəticəsində Xarici İşlər Nazirliyinə təqdim edilən hesabatda Mandelsonun ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə əlaqələri, maliyyə münasibətləri və İngiltərənin nüfuzu üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq edilib.

İstintaqın ikinci mərhələsi Baş nazir Keyr Starmerin təyinat qərarını elan etməsindən sonra başlayıb və 2025-ci ilin yanvar ayının sonunda tamamlanıb. Aparılan yoxlamalar nəticəsində Mandelson haqqında mənfi rəy verilsə də, adı bir ay öncədən Baş nazir tərəfindən açıqlanan namizəd üçün Xarici İşlər Nazirliyi müstəsna səlahiyyətindən istifadə edərək təhlükəsizlik hesabatını görməzdən gəlib və təyinatı reallaşdırıb.

Təhlükəsizlik yoxlamasının nəticələrini nəzərə almamaq qərarının nazirlikdəki hansı rəsmi şəxs tərəfindən verildiyi hələlik məlum deyil. Hazırda Baş nazirin müavini vəzifəsini icra edən Devid Lemminin Xarici İşlər naziri olduğu dövrdə baş verən bu hadisədən Baş nazir Starmerin xəbərdar olub-olmaması barədə də məlumat yoxdur. Keçmişdə mövzu ilə bağlı şərh verən Starmer, təyinat prosesində indiki məlumatlara sahib olmadığını və təhlükəsizlik yoxlamasının Mandelson haqqında müsbət rəy verdiyini iddia etmişdi.

Seçilən
2
afn.az

1Mənbələr