AZ

Xəzər sahilində 100-ə yaxın ölü suiti tapıldı

Aprelin 17-də Xəzər dənizinin Qazaxıstan sahillərində — Manqistau vilayətinin Tupkaraqan rayonunda 97 suiti cəsədi aşkar edilib.

Bu barədə Ölkə.Az saytı “Ak Jayık” nəşrinə istinadən məlumat yayıb.

Hadisə yerinə dərhal dövlət təbiət qoruğunun əməkdaşları, balıqçılıq müfəttişliyi, yerli icra hakimiyyəti (akimat), polis, ekologiya departamenti, baytarlıq xidmətinin nümayəndələri, eləcə də alimlər və müvafiq təşkilatların mütəxəssisləri cəlb olunub.

“Kaspi itbalığı” dövlət təbiət qoruğunun məlumatına görə, tələf olmuş heyvanlar saat 11:00 radələrində tapılıb.

“Hidrobiologiya və Ekologiya İnstitutunun əməkdaşlarının rəyinə görə, suitilərin ölümü bir aydan çox əvvəl baş verib. Lakin güclü qərb küləyi və fırtına nəticəsində onların cəsədləri məhz indi Tupkaraqan rayonu sahillərinə çıxıb”, — deyə məlumatda bildirilir.

Mütəxəssislər işçi qrupunun yaradılmasını, nümunələrin götürülməsini, ölümün ilkin səbəblərinin müəyyənləşdirilməsini və utilizasiyanın təşkilini planlaşdırırlar.

Qeyd edək ki, bu ərazidə suiti cəsədlərinin tapılması ilk hal deyil. Təxminən yarım il əvvəl Manqistau vilayətinin eyni rayonunda ekoloqlar 112 ölü heyvan aşkar etmişdilər. Onların əksəriyyəti çürümə mərhələsində idi. Alimlər kütləvi tələfatın ehtimal olunan səbəblərindən biri kimi heyvanların immunitetinin zəifləməsini və infeksiyalara qarşı həssaslığını göstərmişdilər.

Seçilən
20
3
olke.az

4Mənbələr