AZ

Paşinyan prezident üsul-idarəsinə keçir? – Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları...

Ermənistan Konstitusiyasında dəyişiklərin ediləcəyi barədə yayılan xəbərlər reallığa çevrilməkdədir. Son olaraq, bu barədə “Hraparak” yazıb.

“Məlumata görə, Paşinyan konstitusiyanı öz çərçivəsinə uyğun hazırlayır. O, bəzi məqamları parlamentin tribunasında açıqlayıb, dediyinə görə, məsələni “cərrahi yolla” həll etmək lazımdır, Ermənistanda xalqdan qaynaqlanan sistem olmalıdır, bunun üçün yeni konstitusiya zəruridir. Bu bəyanat göstərir ki, yeni Konstitusiyada elə müddəalar olacaq ki, hər şey bir nəfərin əlində cəmlənəcək”, - nəşr iddia edib.

Göründüyü kimi, Ermənistanda Konstitusiya ətrafında baş proseslər adi hüquqi islahat təsiri bağışlamır. Bu, ölkənin siyasi idarəetmə modelinin köklü şəkildə dəyişdirilməsi ehtimalını gündəmə gətirən ciddi dönüş nöqtəsidir. Baş nazir Nikol Paşinyanın “cərrahi müdaxilə” ilə yeni konstitusiyaya ehtiyac olduğunu bəyan etməsi isə göstərir ki, söhbət kosmetik düzəlişlərdən deyil, sistemin mahiyyətini dəyişə biləcək addımlardan gedir.

Bəs Paşinyan hansı dəyişiklikləri planlaşdırır? Ermənistan parlament idarə üsulundan imtina edə bilərmi? Yeni model prezident üsul-idarəsinə keçidi ehtiva edir, yoxsa hakimiyyətin bir mərkəzdə cəmləndiyi idarəetmə forması formalaşdırılır?

Qeyd edək ki, müzakirələrin mərkəzində dayanan mühüm məqamlardan biri Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılmasıdır. Bu sənəddə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması rəsmi Bakı tərəfindən sülh prosesinin qarşısındakı əsas hüquqi maneələrdən biri kimi qiymətləndirilir. Bu baxımdan mümkün dəyişikliklər təkcə Ermənistanın daxili siyasi arxitekturasını deyil, həm də regionda sülh gündəliyinin taleyini müəyyən edə biləcək əhəmiyyət daşıyır.

Digər tərəfdən, hakimiyyət daxilindən sızan məlumatlar yeni konstitusiyanın idarəetmə balansını dəyişə biləcəyini göstərir. Əgər parlament respublikası modeli zəiflədilərək icra hakimiyyətinin səlahiyyətləri genişləndirilərsə, bu, faktiki olaraq gücləndirilmiş baş nazir modeli və ya prezident üsul-idarəsinə bənzər sistemin yaranmasına gətirib çıxara bilər. “Hər şeyin bir nəfərin əlində cəmlənməsi” ifadəsi də məhz bu kontekstdə – qərarların qəbulunda institusional balansın zəifləməsi, parlament və digər nəzarət mexanizmlərinin təsir imkanlarının məhdudlaşdırılması kimi şərh olunur...

Politoloq Züriyə Qarayeva Musavat.com-a vurğuladı ki, Ermənistanda konstitusiya ətrafında gedən proseslər klassik hüquqi islahat çərçivəsini aşaraq, siyasi sistemin yenidən qurulması cəhdi kimi görünür:

“Nikol Paşinyan tərəfindən “cərrahi müdaxilə” ifadəsinin işlədilməsi təsadüfi deyil və bu, mövcud parlament idarəetmə modelinin effektivliyinə dair ciddi şübhələrin yarandığını göstərir. Əgər planlaşdırılan dəyişikliklər reallaşarsa, Ermənistanın parlament respublikasından ya gücləndirilmiş icra hakimiyyəti modelinə, ya da yarı-prezident və ya prezident üsul-idarəsinə yaxınlaşması mümkündür. Bu isə qərar qəbuletmə mexanizmlərində balansın dəyişməsi, parlamentin rolunun nisbi zəifləməsi və icra hakimiyyətinin daha mərkəzləşdirilmiş formada fəaliyyət göstərməsi ilə nəticələnə bilər.

Digər mühüm istiqamət isə Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlıdır. Həmin sənəddə yer alan ərazi iddialarının konstitusiyadan çıxarılması ehtimalı təkcə hüquqi deyil, həm də ciddi geosiyasi məna daşıyır. Belə bir addım atılarsa, bu, Ermənistanın regional siyasətində daha praqmatik xəttə keçidi və Azərbaycanla sülh danışıqları üçün hüquqi maneələrin aradan qaldırılması kimi qiymətləndirilə bilər. Eyni zamanda, belə dəyişikliklər daxildə hakimiyyətin legitimlik əsaslarını yenidən formalaşdırmaq və siyasi sistemi daha idarəolunan hala gətirmək məqsədi güdə bilər ki, bu da nəticə etibarilə gücün bir mərkəzdə cəmlənməsi ehtimalını artırır”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr