AZ

Türkiyədəki “Akkuyu” AES-də enerjinin sınaq istehsalı payıza planlaşdırılır

Ankara, 17 aprel, AZƏRTAC

Türkiyənin ilk Atom Elektrik Stansiyası olan Mersin əyalətindəki Akkuyu AES-də enerjinin sınaq istehsalı bu ilin payızına planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindəki mənbələr məlumat verib.

AES-də sınaq dövrünün sentyabr ayında başlaması (oktyabrda təxirə salınmış qrafiklə) və Rusiyadan olan nüvə texnologiyaları mütəxəssisləri qrupunun iştirakı ilə təxminən doqquz ay davam etməsi gözlənilir.

Mənbələrin məlumatlarına görə, ilk reaktorda yanacaq çubuqlarının quraşdırılmasına rusiyalı mütəxəssislər nəzarət edəcək.

Seysmik cəhətdən təhlükəsiz olan cənub vilayəti Mersində Rusiyanın müasir dizaynlı VVER-1200 reaktorlarını ehtiva edən dörd enerji blokunun tikintisi davam edir.

“Akkuyu” AES-in layihə müddəti 60 ildir, bundan sonra daha 20 il uzadıla bilər. Layihə Türkiyə və Rusiya hökumətləri tərəfindən dəstəklənir.

“Akkuyu” AES Türkiyənin 10-dan çox bölgəsini, habelə mülki və sənaye infrastrukturu da daxil olmaqla 12 milyondan çox istehlakçını elektrik enerjisi ilə təmin edəcək. Stansiya tam gücünə çatdıqdan sonra Türkiyə iqtisadiyyatının ümumi elektrik enerjisi ehtiyacının 10 faizini ödəyəcək.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
12
azertag.az

1Mənbələr