Bakı, 17 aprel, AZƏRTAC
VI “Yüksəliş” müsabiqəsi üzrə 16 min 554 nəfər iştirakçı bakalavriat təhsilini Azərbaycanda alıb.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransında deyib. O bildirib ki, xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1097 nəfərdir: “Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb. İştirakçılar arasında ümumilikdə 8782 nəfər magistraturanı bitirib. Onlardan 7137 nəfər magistratura təhsilini Azərbaycanda alıb. Xaricdə magistratura təhsili almış iştirakçıların ümumi sayı 1645 nəfərdir. Onlardan 1266 nəfər magistratura təhsilini yalnız xaricdə, 379 nəfər isə həm Azərbaycanda, həm də xaricdə əldə edib”.
Fərhad Hacıyev əlavə edib ki, doktorantura/aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1185 nəfərdir. Onlardan 903 nəfər bu təhsil pilləsini Azərbaycanda alıb. Xaricdə doktorantura/aspirantura təhsili almış iştirakçıların ümumi sayı 282 nəfərdir. Onlardan 270 nəfər doktorantura/aspirantura təhsilini yalnız xaricdə, 12 nəfər isə həm Azərbaycanda, həm də xaricdə keçib”.
Fərhad Hacıyev müsabiqənin növbəti mərhələsi olan Ümumi biliklər imtahanının onlayn formatda keçiriləcəyini diqqətə çatdırıb: “Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq. Bu mərhələ iştirakçıların ümumi dünyagörüşünü və bilik səviyyəsini ilkin şəkildə qiymətləndirməyə imkan verəcək”.