AZ

İran XİN rəhbərinin müavini müvəqqəti atəşkəsin qəbuledilməz olduğunu bildirib

Hörmüz boğazında təhlükəsiz keçid və ekoloji məsələlərlə bağlı yeni protokol tərtib edilməlidir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehran–Vaşinqton gərginliyi fonunda Hörmüz boğazı və mümkün sülh danışıqları ilə bağlı suala cavabında deyib.

“Bilirsiniz ki, bu boğaz minilliklər boyu açıq olub. Hörmüz boğazı İranın ərazi sularında yerləşir, yəni İran ərazisinin bir hissəsidir, amma İranın qərarı ilə minilliklər boyu açıq saxlanılıb. Amerika və İsrail İrana qarşı bu təcavüzü başladılar. Onlar bütün regionu boğmaq, İranı sıxışdırmaq və dünya iqtisadiyyatını iflic etmək qərarına gəldilər və qlobal iqtisadiyyat bundan əziyyət çəkir. Bu, səbəbsiz bir təcavüz, səbəbsiz müharibə və ABŞ tərəfindən seçilmiş bir müharibə idi. Onlar bu müharibəyə niyə başladıqlarına cavab verməlidirlər”, - diplomat bildirib.

O, İranın Hörmüz boğazının açıq qalmasını istədiyinə diqqət çəkib: “İran çox məsuliyyətli bir aktordur və biz bu boğazın daim açıq qalmasını istəyirik. Amma yaranmış yeni vəziyyətə uyğun olaraq yeni qaydaların qəbul olunması vacibdir. Bu, təhlükəsiz keçid və ekoloji məsələlər baxımından əhəmiyyətlidir. Amma deyə bilərəm ki, əgər bu müharibə birdəfəlik başa çatsa və amerikalılar ədalətli və balanslı şərtləri qəbul edib maksimalist mövqelərindən geri çəkilsələr, reallıqları qəbul etsələr – yəni heç kimin beynəlxalq hüququ pozub başqa ölkəyə qarşı təcavüz edə bilməyəcəyini başa düşsələr, eləcə də İranın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilsə, onda sizi əmin edirəm ki, Hörmüz boğazı tarix boyu sülh və sabitlik boğazı olacaq”,- İranlı diplomat deyib.

ABŞ-la atəşkəs barədə danışan Xətibzadə müvəqqəti atəşkəsin qəbuledilməz olduğunu vurğulayıb: “Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik, çünki diplomatiyadan diplomatiyanı tükəndirmək üçün istifadə edib, sonra müharibəyə başlamaq kimi bu pis dövriyyəyə artıq birdəfəlik son qoyulmalıdır. Hazırda Tehranda gedən danışıqlar – feldmarşal Asim Munirin vasitəçilik etdiyi proses məhz bu məqsədə nail olmağa yönəlib”.

Seçilən
28
50
apa.az

10Mənbələr