AZ

Bir sıra ölkələr İsrail Livan atəşkəsini alqışladı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və Livan arasında əldə edilən on günlük atəşkəs razılaşması bir sıra ölkələr və beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İran, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri, eləcə də Avropa İttifaqı ölkələrinin nümayəndələri atəşkəsi alqışlayıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi qeyd edib ki, İran Livanda atəşkəs elanını müsbət qiymətləndirir və bunun Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında əldə edilən razılaşmanın bir hissəsi olduğunu xatırladır.

Qətər Xarici İşlər Nazirliyi də atəşkəsi dəstəklədiyini bəyan edib. İordaniya Xarici İşlər Nazirliyi isə Livanın ərazi bütövlüyünün təmin olunmasına, silahların yalnız dövlət nəzarətində saxlanmasına və milli institutların bərpasına qətiyyətli dəstək verəcəyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri atəşkəsi alqışlayaraq, bu razılaşmaya gətirib çıxaran diplomatik səyləri yüksək qiymətləndirib.

Avropa İttifaqı atəşkəs xəbərini “rahatlıq” kimi dəyərləndirib və münaqişənin çoxsaylı insan tələfatına səbəb olduğunu vurğulayıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, hazırda yalnız müvəqqəti fasilə deyil, eyni zamanda davamlı sülhə aparan yol vacibdir.

İtaliyanın Baş naziri Giorgia Meloni isə bunu ABŞ-nin vasitəçiliyi ilə əldə olunan “sevindirici xəbər” adlandırıb.

BMT-nin baş katibi Antonio Quterreş də atəşkəsi alqışlayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında on günlük atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı.

Bununla belə, Livandan atəşkəsin pozulması ilə bağlı məlumatların daxil olduğu bildirilir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
redaktor.az

2Mənbələr