AZ

Azərbaycanda Kolumbayn təhlükəsi: çıxış yolu varmı?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kolumbayn” 1999-cu ildə ABŞ-ın Kolorado ştatında yerləşən Columbine High School məktəbində baş verən kütləvi atışma hadisəsinə verilən addır. Həmin hadisə zamanı iki şagird məktəbə silahlı hücum edərək 13 nəfəri öldürmüş, onlarla insanı yaralamışdı.Bu hadisə dünya ictimaiyyətində dərin sarsıntı yaratdığı üçün məktəb zorakılığının simvoluna çevrilib.

Bu səbəbdən də, sonradan “Kolumbayn” anlayışı təkcə konkret bir hadisəni deyil, məktəblərdə baş verən kütləvi zorakılıq, radikallaşma və sosial təcrid halları üçün ümumi termin kimi istifadə olunmağa başlamışdır.

Təəssüflə ki, eyni tendensiyanın riskləri son illərdə Türkiyədə, xüsusilə Kahramanmaraş və Şanlıurfa kimi bölgələrdə məktəblərdə baş verən zorakılıq insidentləri fonunda da müzakirə olunur.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə məktəb yaşlı uşaqlar arasında rəqəmsal təhlükələr və “Kolumbayn” kimi destruktiv subkulturların yayılması müasir dövrün ən ciddi təhdidlərindən biri kimi qiymətləndirilir.

Ekspert hesab edir ki, xüsusilə aqressiyanı və zorakılığı təşviq edən bu cür qrupların əsas hədəfi emosional boşluqda olan və bullinqə məruz qalan yeniyetmələrdir.

İlqar Orucov deyir: “Bu təhlükələrin azaldılması üçün ailə və məktəb səviyyəsində kompleks və peşəkar yanaşmalar zəruridir. İlk növbədə ailədə preventiv tədbirlər həyata keçirilməlidir və bu nəzarət yox, etibar prinsipi üzərində qurulmalıdır. Çox vaxt valideynlər problemi yalnız texniki məhdudiyyətlərlə – internetin kəsilməsi, telefon və planşetin alınması ilə həll etməyə çalışırlar. Ancaq bu yanaşma effektiv deyil, əksinə yeniyetmələri gizliliyə sövq edir. Valideynlər övladlarının daxil olduğu qrupları izləməli, istifadə etdikləri rəqəmsal platformaları anlamalıdırlar. Əgər bir uşaq zəif oxuyur, eyni zamanda zorakı məzmuna maraq göstərirsə, bu artıq, sadəcə, yeniyetmə şıltaqlığı deyil, SOS siqnalıdır”.

İlqar Orucov bildirib ki, valideynlər rəqəmsal savadlılığa malik olmalı, açıq ünsiyyət mühiti yaratmalıdırlar.

Ekspertin sözlərinə görə, uşaq bilməlidir ki, səhv etdikdə və ya kiberbullinqə məruz qaldıqda cəza deyil, dəstək görəcək.

Valideyn-övlad münasibətləri dostluq və etibar üzərində qurulmalıdır.

Eyni zamanda məktəblərdə də qabaqlayıcı tədbirlər gücləndirilməli, sıfır tolerantlıq prinsipi tətbiq olunmalıdır. Məktəb yalnız təhsil ocağı deyil, həm də təhlükəsiz sosial mühit və tərbiyə məkanıdır.

“Bu istiqamətdə “Məktəblinin dostu” layihəsi mühüm rol oynayır və maarifləndirmə baxımından effektiv platforma kimi qiymətləndirilə bilər. Müəllimlər şagirdlərdə bullinqin ilkin əlamətlərini tanıya bilməli, psixoloqlar isə risk qrupuna daxil olan uşaqlarla mütəmadi işləməlidir. Ailə münaqişəsi yaşayan, sosial adaptasiya problemi olan və özünü cəmiyyətdən kənarda hiss edən yeniyetmələr xüsusi diqqət mərkəzində olmalıdır.

“Kolumbayn” ideologiyası özünü incidilmişlərin qisası kimi təqdim edir. Özünü təsdiq edə bilməyən, diqqətdən kənar qalan uşaq özünü cəmiyyətin bir parçası kimi hiss etmir. Psixoloqlar bu uşaqların özlərini cəmiyyətin bir parçası kimi hiss etməsinə yardım etməlidir. Eyni zamanda şagirdlərə sosial şəbəkələrdəki manipulyasiyaları ayırd etmə bacarığı öyrədilməlidir. Bu gün rəqəmsallaşmadan qaçmaq mümkün deyil, ona görə də əsas məqsəd qadağa deyil, maarifləndirmə olmalıdır. Müəllim, direktor və ümumilikdə təhsil sistemi bu prosesdə məsuliyyətdən kənarda qala bilməz”-deyən İlqar Orucov hesab edir ki, hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik strukturları destruktiv qrupları daim nəzarətdə saxlamalıdır.

Ekspertin fikrincə, belə qruplar ideoloji boşluqdan qidalanır və yeniyetmələri yanlış istiqamətə yönləndirir:

“Cəmiyyətdə artan aqressiya da diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, bəzi hallarda yeniyetmələr kriminal “obrazları” kumir kimi qəbul edirlər. Sosial şəbəkələrdə deqradasiyaya uğramış paylaşımları görürəm. Onlar üçün bizim milli qəhrəmanlar ideal deyil, daha çox vurma, kəsmə, dağıdıcılıq və sair bu kimi davranışlara meyilli olan insanları kumirə çevirirlər. Bu isə ciddi təhlükədir. Ona görə də media, televiziya və sosial platformalar bu məsələdə daha məsuliyyətli davranmalıdır. Ümumilikdə isə rəqəmsal mühitlə bağlı yanaşma qadağalarla deyil, alternativlərlə qurulmalıdır. Uşaqlar üçün həm maarifləndirici, həm də inkişaf etdirici rəqəmsal oyunlar və platformalar yaradılmalıdır. Çünki yeniyetmənin oyuna marağını tamamilə aradan qaldırmaq mümkün deyil, əsas məsələ onu düzgün istiqamətləndirməkdir”-deyə İlqar Orucov bildirib.

Ekspert deyib ki, şagirdlərə sosial şəbəkələrdəki manipulyasiyaları fərqləndirmə bacarığı da öyrədilməlidir. Çünki rəqəmsallaşma artıq həyatın ayrılmaz hissəsidir və bunu inkar etmək mümkün deyil. Ona görə də əsas yanaşma qadağa yox, maarifləndirmə və düzgün istiqamətləndirmə olmalıdır.

Hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik qurumları radikal və destruktiv qrupların fəaliyyətini daim izləməlidir və bu istiqamətdə monitorinq vacibdir. Eyni zamanda müəllimlər və psixoloqlar üçün xüsusi təlimlər keçirilməlidir.

Çünki bu kimi təhlükəli oyunlar və subkulturlar ideoloji boşluqdan qidalanır:

“Əgər biz uşaqlara sağlam maraqlar, sevgi, humanizm və milli dəyərlərə bağlılıq hissi aşılaya bilməsək, onlar bunu internetin qaranlıq künclərində axtaracaqlar”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
bizimyol.info

1Mənbələr