AZ

Azərbaycan üçün faydalı tərəfdaş

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Çexiya Avropa İttifaqının üzvü olaraq Azərbaycan üçün həm enerji tərəfdaşı, həm də Avropa bazarlarına çıxış baxımından vacib ölkələrdən biri hesab olunur. O biri tərəfdən, Azərbaycan da Çexiya üçün etibarlı enerji təchizatçılarından biri kimi çıxış edir. Siyasi müstəvidə Praqa platforması zaman-zaman dialoq məkanı rolunu oynayır və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində bu müstəvidə müəyyən addımların atıldığı müşahidə olunur. Əvvəllər əməkdaşlıq, əsasən, neft və enerji üzərində qurulsa da, hazırda münasibətlər yeni sahələr üzrə genişlənməkdədir”…

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov danışıb. Deputat deyib ki, Çexiya güclü sənaye ənənələri olan ölkədir: "Bu ölkədə maşınqayırma, avtomobil komponentləri, mühəndislik və digər sahələr inkişaf edib. Bu baxımdan, iki ölkə arasında istehsalın lokallaşdırılması, sənaye parklarında Çexiya texnologiyalarının tətbiqi üçün real imkanlar var".

Vüqar İskəndərov vurğulayıb ki, yaşıl enerji və innovasiya sahələrində də əməkdaşlıq üçün geniş perspektivlər var: “Azərbaycanın bərpa olunan enerji strategiyası ilə Çexiyanın texnoloji potensialının uyğunlaşdırılması alternativ enerji, xüsusilə günəş və külək layihələrinin birgə həyata keçirilməsinə şərait yarada bilər”.

Deputat hesab edir ki, kənd təsərrüfatı və qida sənayesi sahəsində də əməkdaşlığın genişləndirilməsi mümkündür: "Bu, həm məhsuldarlığın artırılması, həm də emal sənayesinin inkişafı baxımından faydalı ola bilər".

Vüqar İskəndərov deyir ki, nəqliyyat və logistika sahəsində isə Azərbaycanın Orta Dəhlizdə artan rolu diqqət çəkir: "Azərbaycanın Avropanın enerji təchizatçısı kimi mövqeyinin güclənməsi Çexiya ilə logistika sahəsində əməkdaşlığın inkişafını stimullaşdıra bilər və Avropa-Asiya ticarət yolunda yeni marşrutların formalaşmasına şərait yarada bilər".

“İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün də ciddi potensial mövcuddur. Tərəflər bir-birini tamamlayan iqtisadi strukturlara malikdir. Siyasi münasibətlər sabitdir və Çexiya vasitəsilə Azərbaycanın Avropa bazarlarında mövqelərini genişləndirməsi mümkündür. Ümumilikdə, Azərbaycan və Çexiya arasında münasibətlər artıq klassik alıcı-satıcı modelindən çıxaraq daha şaxələndirilmiş və strateji iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoyur”-deyən Vüqar İskəndərov bildirib ki, bu keçidin uğurlu olması üçün hər iki tərəfdən siyasi iradə mövcuddur.

"Azərbaycan tərəfinin atdığı addımlar, o cümlədən yüksək səviyyəli səfərlər və aparılan müzakirələr bunu təsdiqləyir. Qarşıdakı dövrdə tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılması və dayanıqlı olması üçün əməli addımların artırılmasına ehtiyac var"-deyə deputat qeyd edib.

Vüqar İskəndərov hesab edir ki, mövcud potensialdan səmərəli istifadə olunarsa, Azərbaycan-Çexiya münasibətlərinin daha yüksək mərhələyə yüksəlməsi real görünür.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr