Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakının Binəqədi rayonunda 1992-ci il təvəllüdlü Zülfüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Xəlilə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin sentyabrın 13-də baş verib. Zülfüqar həmin gün saat 20 radələrində “Şəbəkə” xidmət mərkəzinin qarşısında Xəlilin guya bir gün əvvəl aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün onu görüşə dəvət etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan bədəninin müxtəlif nahiyyələrinə başı və yumruğu ilə vurub. Zülfüqarın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Zülfüqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, aralarında olan davanı Xəlil başladıb: “Mən kafeyə getmişdim. Xəlil dostu və yanında 3 nəfər oğlanla yemək yeməyə kafeyə gəldi, ayrı stollarda oturdular. Bir qədər sonra Xəlil stolundan qalxaraq mənə tərəf gəldi, baxmağımın səbəbini soruşdu. Mən isə onunla işim olmadığını, yemək yeyib gedəcəyimi dedim. Xəlil yaxamdan tutdu, yanındakı oğlanlar da qalxdılar. Obyektin sahibi polisə şikayət etdi. Polis gələrək məndən şikayətimin olub-olmadığını soruşdu. Mən isə şikayətimin olmadığını dedim”. Zülfüqar qeyd edib ki, səhəri gün Xəlil ilə zəngləşib:“Xəlil Binəqədi rayonuna gəlməyimi dedi, gəlməli olduğum məkanı yolladı. Mən də həmin yerə getdim. Orada sözlərimiz düz gəlmədi, dalaşdıq. Sonra isə əl sıxıb, sağollaşdıq. Mən yaşadığım evə getdim. Evə getdikdə sonra mənə zəng gəldi, polis bölməsinə gəlməli olduğum bildirildi. Mən də polis bölməsinə getdim”. Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə əlbəyaxa dalaşıb:“İlk zərbəni Xəlilin qulağından vurmuşam. Orada Xəlildən başqa heç kimi vurmamışam. Hadisə axşam saatlarında “Şəbəkə” xidmət mərkəzinin qarşısında baş verib. Əvvəlki gün baş verən hadisə səs-küyə görə yaranıb. Kafedə olarkən Xəlil ilə üzbəüz stolda oturmuşam. Xəlil səs-küy saldığım üçün obyektin sahibi yaxınlaşıb, müştərinin şikayət etdiyini dedi. Xəlil də müştərinin gələrək özünə şikayət etməsini dedi. Mən də həmin vaxt baxdım. Mən Xəlili əvvəl tanımamışam, heç bir münasibətim olmayıb. Mən Xəlil ilə dalaşmaq üçün görüşməmişəm. Xəlil söyüş söydüyü üçün bunu aydınlaşdırmaq üçün görüşmüşəm. Mən hadisə yerinə 5 nəfərlə getməmişəm”. İş üzrə zərərçəkmiş Xəlilin sözlərinə görə, Həzi Aslanovda dostları ilə restoranda oturub: “Təqsirləndirilən Zülfüqar qarşı tərəfdə mənimlə üzbəüz oturmuşdu. Bu zaman Zülfüqar mənə baxdı, mən də ona baxdım. Ona yaxınlaşaraq nəyə baxdığını soruşdum. O, da yaxşı etdiyini dedi. Həmin vaxt aramızda söz-söhbət oldu. Sonra gələrək yerimdə oturdum. Oturandan sonra yenə baxışma oldu, aramızda mübahisə yarandı. Dağılışdıqda Zülfüqar məndən nömrəmi istədi. Mən də verdim”. Xəlil qeyd edib ki, bir gün sonra axşamüstü Zülfüqar ona zəng edib, görüşmək istədiyini deyib: “Mənə məkan yolladı. Düşündüm ki, Zülfüqar üzrxahlıq edər və söhbət bağlanar. Mənim 38 yaşım var, 3 uşaq atasıyam, dava-dalaş edən vaxtım deyil. Göndərdiyi məkana getdim, Zülfüqarın orada olmadığını gördüm. Zəngləşərək “Şəbəkə” xidmət mərkəzinin qarşısında görüşdük. Zülfüqar həmin yerə 5 nəfərlə gəlmişdi. Mən isə tək getmişdim. Həmin vaxt Zülfüqarın yanında olan şəxslərdən biri ondan “bu idi səni söyən?” deyə soruşdu. Söhbət edərkən Zülfüqar mənə kəllə zərbəsi vurdu. Kəllə vurduqdan sonra üzümü tutdum. Bu vaxt söz soruşan şəxs məni qulağımdan vurdu, digəri arxadan tutdu. Sonra onlar “şirin” söhbətə keçdilər. Bu söhbəti mənə kəllə zərbəsi vurmamışda əvvəl edə biləcəklərini dedim. Onlar barışıq üçün danışmağa başladı. Mən üst-başı qanlı evə getdim, baş vermiş hadisəni danışdım. Bundan sonra polisə şikayət etdim”.Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Zülfüqar 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin bu müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.