AZ

Bakı “nəfəsini itirir”

Son illər Bakıda və digər iri şəhərlərdə yaşıllıq sahələrinin azalması ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. 

Ağacların kəsilməsi, park və bağların sahəsinin daralması, eyni zamanda yeni tikililərin sayının artması şəhərin ekoloji tarazlığına təsir edən əsas amillər sırasında göstərilir. 

Yaşıllıq sahələrinin azalmasının hava keyfiyyətinin pisləşməsi, yay aylarında temperaturun daha da yüksəlməsi və şəhər mühitində narahatlığın artması ilə nəticələnməsi diqqət çəkir. Bəs bu proses insanların sağlamlığına, gündəlik həyatına və gələcəkdə şəhərin ekoloji vəziyyətinə necə təsir göstərəcək?

Ekoloq Qorxmaz İbrahimli “Cebheinfo.az”-a bildirib ki, Bakıda yaşıllıq əvvəllər heç olmayıb, sonradan parklar salınıb: 

"Şəhərdə inşaatın genişlənməsi o deməkdir ki, yaşıllıq sahələri azalacaq. Təəssüf ki, Abşeron yarımadası betonlaşmaqda davam edir və eyni zamanda Azərbaycan daxili miqrasiya böhranı yaşayır. Hər kəs Bakıya və Abşeron yarımadasına axın edir, əhalinin yarıdan çoxu burada yerləşir. 

Təbii ki, yaşıllığın olmaması insan sağlamlığına birbaşa təsir edəcək. Yaşıllığın olmaması səhralaşma deməkdir. Bu səhralaşmanı isə betonlaşdırma ilə reallaşdırırlar. 

Şəhərdə yaşıllığın olmaması, binaların lazımi məsafələr gözlənmədən tikilməsi və alçaq binaların yerinə hündür binalar həm ekosistemlərə, həm də hava axınına, digər təbii proseslərə təsir edir və edəcək. Bu istiqamətdə ziyalılar, universitetlər münasibət bildirməlidirlər. Amma fikir bildirməklə də olmur. İş adamları və oliqarxlar hər hansı formada məsələni həll edirlər". 

Ekoloq qeyd edir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qəti qərarını bildirməsə, vəziyyət daha da çətin olacaq:

“Ümid edirəm ki, regionlar inkişaf edər və insanlar bir gün könüllü şəkildə regionlara axıb gedərlər”. 

Aişə Abdulova

“Cebheinfo.az”

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr