AZ

Zorakı görüntülər uşaqlara necə təsir edir?

Məktəblərdə baş verən zorakı hadisələr yalnız baş verdiyi məkanla məhdudlaşmır, televiziya, telefon və sosial media vasitəsilə uzaq məsafədə yaşayan uşaqlara da təsir göstərir.

Bu cür görüntülər uşaqlarda qorxu, narahatlıq və təhlükəsizlik hissinin zəifləməsinə səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, zorakılıq xəbərlərinin təsiri təkcə hadisənin özündən deyil, onun təqdim olunma formasından da asılıdır. Sensasiyalı, detallı və tez-tez təkrarlanan görüntülər uşaqlarda psixoloji gərginliyi artırır və travmatik təsir yarada bilər.

Uşaqlar böyüklərdən fərqli olaraq hadisələri “uzaqda baş verən” kimi qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən onlar ekranda gördüklərini öz həyatlarına daha yaxın hiss edir və nəticədə müxtəlif psixoloji reaksiyalar ortaya çıxır. Bu reaksiyalar arasında gecə qorxuları, yuxu pozuntuları, məktəbə getmək istəməmək, diqqət dağınıqlığı, əsəbilik və davamlı narahatlıq halları müşahidə oluna bilər.

Xüsusilə, məktəb kimi təhlükəsiz hesab olunan məkanlarla bağlı zorakılıq xəbərləri uşaqlarda etibar hissinin sarsılmasına gətirib çıxarır. Bu isə “mənim də başıma gələ bilər” düşüncəsini gücləndirərək stress səviyyəsini artırır.

Həmçinin, uşaqlara təsir edən amillər yalnız görüntülərlə məhdudlaşmır. Evdəki emosional atmosfer, valideynlərin narahat davranışları və eyni hadisələrin tez-tez müzakirə olunması da uşağın psixoloji vəziyyətinə mənfi təsir edir.

Bu baxımdan valideynlərə tövsiyə olunur ki, uşaqlara hadisələr sadə və sakit dildə izah edilsin, qorxu yaradan detallardan qaçınılsın və onların təhlükəsizlik hissi qorunsun. Eyni zamanda, gündəlik rejimin davam etdirilməsi uşağın özünü daha sabit və güvənli hiss etməsinə kömək edir.

Piranə Xasiyeva

Seçilən
21
qht.az

1Mənbələr