AZ

Şahin Mustafayev: Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artırılacaq

BAKI, 17 aprel. TELEQRAF

Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması, tranzit potensialının gücləndirilməsi və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, mövcud mürəkkəb şəraitdə bu dəhliz öz dayanıqlığını, rəqabət qabiliyyətini və etibarlılığını praktikada təsdiqləyir:

“Dəhliz çərçivəsində infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sərhəd keçid prosedurlarının sadələşdirilməsi, daşıyıcılar və ixracatçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl iş aparılır.

Bu kontekstdə mühüm addımlardan biri 2022-ci ilin oktyabr ayında Samur sərhəd-keçid məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün ixtisaslaşmış postun açılması oldu. Bu qərar, xüsusilə şərabçılıq və digər spirtli məhsulların ixracı ilə məşğul olan Azərbaycan istehsalçıları üçün əlavə imkanlar yaratdı, xərcləri azaltdı və Rusiya bazarına çıxışı asanlaşdırdı. 2023-cü ilin mart ayında Azərbaycan–Rusiya sərhədində “Xanoba” gömrük postunun istifadəyə verilməsi də böyük əhəmiyyət daşıyır.

Dünənki iclasda nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub, əsas məqsədlər, onların icra müddətləri və tarif tənzimlənməsi parametrləri müəyyən edilib. Yük daşımalarının həcminin artırılması məsələləri müzakirə olunub və müvafiq qurumlara konkret tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Yaxın zamanda praktiki nəticələrin əldə olunacağı gözlənilir”.

Seçilən
12
teleqraf.com

1Mənbələr