AZ

İsrailin atəşkəsi pozması nəticəsində Livanda ölən və yaralananlar var

İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

İlkin məlumata görə, hücumlar nəticəsində ikisi qadın olmaqla üç nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

Bildirilib ki, İsrail hərbi təyyarələri Səidə bölgəsində yerləşən yaşayış məntəqələrinə kütləvi hava zərbələri endirib.

Livan ordusunun komandanlığı atəşkəs razılaşmasının çoxsaylı pozuntularını nəzərə alaraq vətəndaşları ölkənin cənubundakı kənd və şəhərlərə qayıtmağı təxirə salmağa çağırıb.

Hesabatda qeyd olunub ki, bir neçə İsrail hücumu, eləcə də bəzi kəndlərin vaxtaşırı atəşə tutulması halları qeydə alınıb.

Məlumata görə, Bint Cbeil bölgəsinin Qunin yaşayış məntəqəsində İsrail qüvvələri İslam Səhiyyə Təşkilatına məxsus təcili yardım maşınlarına artilleriya və pulemyot atəşi açıb, nəticədə xəsarət alanlar olub.

Öz növbəsində, Hizbullah Karmiel yaşayış məntəqəsində İsrailin hərbi infrastrukturuna raket zərbələri endirdiyini açıqlayıb. Hərəkat həmçinin Livan üzərində uçan İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Qeyd olunub ki, Hizbullah İsrail qoşunlarının toplanma məntəqələrinə qarşı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Xatırladaq ki, İsrail və Livan arasında on günlük atəşkəs gecə yarısından qüvvəyə minib. ABŞ Prezidenti Donald Tramp atəşkəsin elan olunduğunu açıqlayıb.

Məlumata əsasən, İsrail son altı həftə ərzində İranın dəstəklədiyi Hizbullaha qarşı əməliyyatlar çərçivəsində Livana hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində indiyədək təxminən 2200 nəfərin həyatını itirdiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr