AZ

 "Uşaqların heç bir narahatlıq və ya çətinlikdə günahı yoxdur" - Könül Əhmədova

2019-cu ilin 1 noyabr tarixindən bu günə qədər 862 uşaq övladlığa verilib. Bu rəqəm təkcə statistika deyil, həm də yüzlərlə uşağın yeni bir ailəyə, sevgi və qayğı dolu həyata qovuşmasının göstəricisidir.

Mövzu ilə bağlı psixoloq-loqoped Könül Əhmədova QHT.az-a açıqlama verib.

K.Əhmədovanın sözlərinə görə, uşaqların bu vəziyyətdə günahsız olduğu xüsusi qeyd olunmalıdır: İlk olaraq qeyd etmək lazımdır ki, uşaqların heç bir narahatlıq və ya çətinlikdə günahı yoxdur. Əgər bu uşaqlar övladlığa verilibsə, onların ailə mühitində böyüməsi təmin olunur. Bu isə onların gələcək psixoloji və sosial inkişafı baxımından olduqca vacibdir.

Könül Əhmədova bildirib ki, övladlığa götürülmə hallarının artması cəmiyyət üçün müsbət haldır: Bu baxımdan övladlığa götürülmə hallarının artması mənfi deyil, əksinə, müsbət hal kimi qiymətləndirilə bilər. Çünki övladlığa götürülən uşaqlar daha sağlam, təhlükəsiz və ümidverici mühitdə böyümək imkanı əldə edirlər. Bu da öz növbəsində gələcəkdə cəmiyyətdə daha sağlam fərdlərin formalaşmasına müsbət təsir göstərir.

Psixoloq vurğulayıb ki, erkən yaşda emosional bağlılıq uşağın inkişafında mühüm rol oynayır: Bu göstəricinin uşaqlara, onların gələcəyinə və ümumilikdə cəmiyyətə təsiri müsbətdir. Xüsusilə erkən yaş dövründə uşağın emosional bağlılıq qurması, sevgi və diqqət görməsi onun psixoloji sabitliyinə, nitq və ünsiyyət bacarıqlarının inkişafına birbaşa müsbət təsir edir.

Müsahibimiz sonda qeyd edib ki, ümumi statistika müsbət dinamikanı göstərir: Sonda qeyd etmək olar ki, 2019-cu ildən bu günə qədər 862 uşağın övladlığa verilməsi ümumilikdə müsbət göstərici hesab edilə bilər. Çünki bu, uşaqların sağlam ailə mühitində böyüməsinə və gələcək sosial adaptasiyasına əhəmiyyətli dərəcədə töhfə verir.

Fatimə Nəbiyeva

Seçilən
22
qht.az

1Mənbələr