Yaxın Şərqdə enerji istehsal həcmlərinin münaqişədən əvvəlki səviyyədə bərpası təxminən 2 il vaxt apara bilər.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib.
Onun sözlərinə görə, bərpa müddəti ölkələrin inkişaf səviyyəsindən asılı olaraq fərqlənəcək:
"Bu, konkret ölkədən asılı olacaq. Məsələn, İraqda bərpa Səudiyyə Ərəbistanına nisbətən daha çox vaxt aparacaq. Lakin ümumi qiymətləndirmələrimizə görə, müharibədən əvvəlki səviyyələrə qayıdış təxminən iki il davam edəcək".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali Lideri Əli Xamenei hücumlarda öldürülüb. Cavab olaraq İran İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
Tərəflər bu il aprelin 8-də iki həftəlik atəşkəs haqqında razılaşma əldə ediblər.
Aprelin 11-12-də isə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Lakin bu danışıqlar nəticə verməyib.
ABŞ prezidenti Donald Tramp isə ölkəsinin Hörmüz boğazındakı İran limanlarını blokadaya almağa başladığını bildirmişdi. O, aprel 15-də Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazının açıldığını elan edib. Amma bu qərarı dəstəkləyən heç bir dəlil təqdim edilməyib.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ölkənin donanmasının İran limanlarını və Hörmüz boğazını blokadada saxlamağa davam etdiyini açıqlayıb.