Müəllimlərin peşəkar inkişafını dəstəkləyən “Təcrübədən tətbiqə: müəllimlər üçün beynəlxalq təcrübə imkanı” qrant layihəsi çərçivəsində bir sıra mühüm fəaliyyətlər həyata keçirilib. Layihə ümumi təhsil müəssisəsində çalışan müəllimlərin layihə yazılışı və idarəetmə bacarıqlarının inkişafına, eləcə də bu biliklərin praktik mühitdə tətbiqinə yönəlib.
Layihə çərçivəsində 2 müəllimin Türkiyənin Ankara şəhərində 7 gün davam edən beynəlxalq təlim proqramında iştirakı təşkil olunub. Təlim zamanı iştirakçılar layihələrin hazırlanması və idarə olunması ilə bağlı əsas mərhələləri – ideyanın formalaşdırılması, məqsəd və vəzifələrin müəyyən edilməsi, fəaliyyət planının qurulması, monitorinq və hesabatlılıq mexanizmləri, donorlarla kommunikasiya, davamlılıq və büdcə planlaması kimi istiqamətləri dərindən öyrəniblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Səfərdən sonra əldə olunan bilik və təcrübənin yayılması məqsədilə müəllimlər tərəfindən məktəbdə infosessiya təşkil olunub. Bu sessiya çərçivəsində digər pedaqoji heyət üçün təqdimat keçirilib, layihə yazılışı və idarəetməsi sahəsində praktiki biliklər paylaşılıb və məktəbdaxili əməkdaşlıq mühiti gücləndirilib.
Layihənin növbəti mərhələsində yekun nəticələrin təqdim olunacağı bağlanış tədbirinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə Vüsalə Allahverdiyeva tərəfindən Babək şəhəri 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.





