AZ

Mövsümü olmayan meyvələr sağlamlıq üçün təhlükəlidirmi?

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mart ayından bazar və marketlərdə alıcılara mövsümü olmayan meyvələr, xüsusən də çiyələk, alça təklif olunur. Əvvəllər yalnız mövsümündə tapılan çiyələk, albalı, alça kimi meyvələr artıq qış aylarında belə piştaxtalarda yer alır. Xüsusən də çiyələk mövsümündə olduğu kimi bolluq təşkil edir. Bu giləmeyvəni alıb yeyən də var, almağa ehtiyat edən də. Məlumdur ki, mövsümündən öncə satışa çıxarılan çiyələk istixana şəraitində yetişdirilir. Bu şəraitdə məhsulların daha tez yetişdirilməsi üçün əksər hallarda torpağa təyinatdan artıq gübrə verilir. Təbii ki, bu da məhsulda normadan artıq nitratın toplanmasına səbəb olur. Bu zaman isə zəhərlənmə hallarının baş verməsi qaçılmazdır. Mütəxəssislər deyir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələyin insan orqanizminə faydası çoxdur. Gün ərzində 7-8 ədəd çiyələk yemək günlük C vitamini normasını ödəyir. Amma bu giləmeyvəni mövsümündə yemək daha uyğun və faydalıdır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, hazırda satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilib: "Xüsusilə, yetişdirilməsi zamanı bir çox kimyəvi maddələrdən, zərərvericilərdən qorumaq üçün istifadə olunan pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə çiyələkləri çox vaxt hamilə, süd verən qadınlar və uşaqlar istehlak edirlər. Bu da onların sağlamlığı üçün çox riskli qida hesab olunur. Belə halda dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istehlak etmək isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər".

M.Hüseynova hesab edir ki, mövsümdən əvvəl çiyələk alıb yemək məsləhət deyil. Parlaq görünüşlü, qoxusuz, normadan böyük və dadsız olan çiyələklərin istehlakı məsləhət görülmür. Xüsusilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu cür məhsullardan ehtiyatla istifadə etməlidirlər. Çünki bu məhsullar allergik reaksiyalara, mövcud xəstəliklərin kəskinləşməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də çiyələyi mümkün qədər öz mövsümündə istehlak etmək daha məqsədəuyğundur: "Bu, hazırda mövsümü olmayan, lakin satılan digər meyvələrə də aiddir. Çiyələk alarkən daha çox təbii görünüşlü, tünd qırmızı rəngdə, yaxud bir qədər solğun, orta ölçülü çiyələkləri seçmək lazımdır. Çiyələk çox iri, parlaq qırmızıdırsa, qoxusu hiss olunmursa, hamısı eyni forma və ölçüdədirsə, bu, meyvənin süni şəkildə yetişdirildiyinin göstəricisidir. İndi satışda olan çiyələklər iri, parlaq və qoxusuzdur. Yəni süni şəkildə yetişdirilib. Yeməzdən əvvəl, yaxşı olar ki, çiyələklər suya bir qədər duz və az miqdarda sirkə də əlavə etmək olar. Bu, çiyələyin tərkibindəki pestisid qalığını azalda bilər. Yarpaqlarını isə yuduqdan sonra qoparmaq lazımdır. Bəzi hallarda xanımlar çiyələyin yarpağını təmizləyib, sonra yuyurlar. Bu da çiyələyin səthindəki dərman qalıqlarının yarpaq kökündən meyvənin içinə nüfuz etməsinə səbəb olur və keyfiyyətinin pozulmasına gətirib çıxarır. Mütləq yerli məhsul almaq tövsiyə olunur. Erkən satışa çıxarılıbsa, birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar istehlak etməməlidirlər. Əks halda zəhərlənmə və allergiya problemləri ortaya çıxa bilər".

Qida təbliğatçısı Asim Vəliyev bildirib ki, indi satılan çiyələk və alça ya istixana şəraitində yetişdirilir, ya da cənub ölkələrindən idxal edilir. Bu meyvələrin təbiiliyi yox, daha çox yetişdirilmə zamanı istifadə olunan nitratlar və stimulyatorlar əsas risk faktorudur: "Ölkəmizin cənub zonalarında və Bakı ətrafı kəndlərdə qızdırılan istixanalarda yetişdirilirlər. Burada günəş işığı az olduğu üçün meyvə təbii şəkərini toplaya bilmir. Nəticədə dadı ot kimi olur. Meyvənin tez böyüməsi, eyni rəngdə qızarması üçün stimulyatorlarından istifadə edilə bilər. Bu, bitkinin hüceyrələrini su ilə doldurur. Ona görə də aprel çiyələyi böyük, amma daxili boş və dadsız olur. Erkən məhsul almaq üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Günəş az olduqda bitki bu azotu emal edə bilmir və meyvədə nitrat şəklində yığılır".

Onun sözlərinə görə, çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, həm də çox faydalıdır. Çiyələyin tərkibində şəkər, üzvi turşu, pektin maddələri və s. var. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B və K vitaminləri ilə zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir: "Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki, çiyələk torpaqda yetişdiyi üçün istehlak edilməmişdən əvvəl mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin saplağı giləmeyvədən ayrılmalıdır. Çiyələyin dadının acı olması və ağzı büzüşdürməsi məhsulun tam yetişməməsinin əlaməti sayıla bilər. Çiyələyin ölçüsünün iri olması çeşiddən asılıdır. İri çiyələklər ölkəmizə müxtəlif ölkələrdən idxal edilir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qurum əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: "Ölkədə istehsal və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Qida məhsullarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Yalnız müayinə nəticələri uyğun çıxan qida məhsullarının satışına icazə verilir. "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə zərərli olduğuna dair sübutlar olduqda, qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda qida məhsulları təhlükəli hesab edilir".

Qeyd olunub ki, Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: "AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunur".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
525.az

1Mənbələr