Peyk görüntüləri və videomaterialların təhlili sərhəd xətti boyunca yaşayış məntəqələrinin sistemli şəkildə məhv edildiyini göstərir, hüquqşünaslar isə bunun hərbi cinayət əlamətləri daşıya biləcəyini bildirirlər...
Poliqon xəbər verir ki, bu barədə BBC gtelekanalı məlumat yayıb. Telekanalın araaşdırdığı peyk görüntüləri və video qeydlərinin təhlilinə əsasən, İsrail Müdafiə Qüvvələri Livanla sərhəd boyunca 1400-dən çox binanı məqsədli şəkildə məhv edib. Məlumata görə, martın 2-dən bu yana qeydə alınan dağıntılar əsasən sərhədyanı yaşayış məntəqələrini əhatə edir. BBC qeyd edir ki, döyüş zonasına və bütün peyk materiallarına çıxış məhdud olduğuna görə, real dağıntı miqyası göstəriləndən də xeyli böyük ola bilər.
Məqalədə bildirilir ki, yaşayış məntəqələrinin dağıdılması İsrailin müdafiə naziri İsrael Katsın sərhəd yaxınlığında yerləşən Livan evlərinin “Qəzza modeli” üzrə daha sürətli məhv edilməsi barədə göstərişindən sonra intensivləşib. Bu addımın “Hizbullah”a qarşı kampaniya çərçivəsində atıldığı vurğulanır. Belə yanaşma sərhəd xəttində faktiki olaraq boşaldılmış və dağıdılmış zolağın formalaşdırılması cəhdi kimi qiymətləndirilir.
Beynəlxalq hüquq üzrə ekspertlər BBC-yə bildiriblər ki, şəhər və kəndlərin sistemli şəkildə dağıdılması müəyyən hallarda hərbi cinayət kimi dəyərləndirilə bilər. Onların fikrincə, mülki infrastrukturun genişmiqyaslı məhvi yalnız birbaşa və təxirəsalınmaz hərbi zərurət sübuta yetirildiyi halda hüquqi baxımdan əsaslandırıla bilər. Əks təqdirdə, bu cür əməliyyatlar beynəlxalq humanitar hüququn pozulması kimi şərh oluna bilər.
İsrail tərəfi isə ittihamları qəbul etmir. Ordunun mövqeyinə görə, “Hizbullah” hərbi obyektləri və infrastrukturunu yaşayış məntəqələrinin daxilində yerləşdirir. İsrail hərbçiləri iddia edirlər ki, əməliyyatlar beynəlxalq humanitar hüquq normalarına uyğun aparılır və operativ hərbi zərurət olmadan dağıntılara yol verilmir.
Livanın cənubunda baş verən bu dağıntılar regionda onsuz da ağır olan humanitar vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Yaşayış evlərinin, kəndlərin və şəhər infrastrukturunun məhv edilməsi təkcə hərbi qarşıdurmanın coğrafiyasını deyil, həm də mülki əhalinin geri dönüş imkanlarını, sərhəd bölgələrinin gələcək taleyini və mümkün siyasi həll perspektivlərini birbaşa təsir altına salır.
Poliqon.info