AZ

Avropa səması BAĞLANA BİLƏR: Cəmi 42 günlük yanacaq ehtiyatı qaldı

Avropa aviasiyası reaktiv yanacağın kəskin çatışmazlığı səbəbindən böyük bir çöküş astanasındadır. ABŞ və İsrailin İrana qarşı apardığı müharibə enerji daşıyıcılarının tədarük edildiyi əsas arteriyaları faktiki olaraq iflic edib.

Musavat.com xəbər verir ki, bu barədə "Al Jazeera"nın təhlilində bildirilir.

Neft tədarükü demək olar ki, dayanıb. Hava məkanı isə artıq yeddi həftədir ki, qeyri-sabit olaraq qalır.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, Avropanın təxminən altı həftəlik aviasiya yanacağı qalıb.

O, yaxın gələcəkdə uçuşların qaçılmaz ləğvi barədə xəbərdarlıq edib. Vaşinqton və Tehran arasındakı iki həftəlik atəşkəs belə vəziyyəti düzəltməyib, logistik zəncirlər qırılıb, neft emalı zavodları isə rezervuarları doldurmağa çatdırmır.

Tədarükün kəskin azalması "Brent" markalı neftin qiymətini 100 dollardan yuxarı qaldırıb.

Qeyd edək ki, Aİ-nin reaktiv yanacaq idxalının 75%-i məhz Yaxın Şərqin payına düşür.

Artıq ilk "qurbanlar" da məlumdur. Belə ki, Almaniyanın aviasiya nəhəngi "Lufthansa" yanacaq xərclərinin hədsiz artması və işçilərin tətilləri səbəbindən özünün "CityLine" regional bölməsini bağladığını elan edib.

Yay mövsümü üçün proqnozlar mənfidir, tədarükçülər yanacağın mövcudluğuna zəmanət verməkdən imtina edirlər.

Reaktiv yanacaq (Jet A və Jet A-1) adi kerosin deyil, yüksək dərəcədə təmizlənmiş xüsusi məhsuldur və onun logistikasını qısa müddətdə dəyişmək qeyri-mümkündür.

Reaktiv yanacaq bazarı "Shell", "ExxonMobil" və "Saudi Aramco" kimi nəhəng şirkətlər tərəfindən təmin edilir. 2025-ci ildə dünya üzrə gündəlik istehlak təxminən 7,8 milyon barelə çatsa da, 2026-cı il üçün nəzərdə tutulan artım planları müharibə səbəbindən alt-üst olub.

Yanacaq hava limanlarındakı nəhəng çənlərdə saxlanılır və təyyarələrin yanacaqla təminatı mürəkkəb yeraltı hidrant şəbəkəsi vasitəsilə həyata keçirilir.

Mövcud logistikanı sürətlə dəyişmək və Yaxın Şərq yanacağına alternativ tapmaq praktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən, Hörmüz boğazından fasiləsiz axının təmin edilməsi qitə üzərindəki uçuşların davam etməsi üçün həlledici şərtdir.

Avropada yay mövsümü illik 747 milyon sərnişin axını deməkdir. Lakin qeyd olunur ki, bu yay avropalılar səmada təyyarələr əvəzinə, hava limanlarının tablolarında boş cədvəllərlə qarşılaşa bilərlər.

Hazırda İran gəmilərin Hörmüz boğazından keçidinə icazə vermək üçün münaqişənin yenidən başlamayacağına dair təminat tələb edir. Digər tərəfdən, ABŞ-nin dəniz blokadası davam edərsə, Tehranın özü də yaxın iki həftə ərzində neft ixracını tamamilə dayandırmaq məcburiyyətində qala bilər.

İqbal RZAYEV,
Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr