AZ

İnsanlar yazda niyə sevgiyə can atırlar?

Bahar fəsli biopsixososial faktorlar vasitəsilə libidonun və reproduktiv fəallığın artmasına təsir edə bilir. Günün işıqlı vaxtının uzanması hormonlara təsir edərək insanlarda münasibət qurma istəyini gücləndirir.

Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun asssitenti, seksoloq-həkim Ulyana Maxova məlumat verib.

O bildirib ki, işıq sirkad və mövsümi ritmləri tənzimləyən "bioloji saat" sayılan hipotalamusun supraxiazmatik nüvəsinə təsir edir. Nəticədə, yuxu hormonu olan melatoninin ifrazı azalır, serotonin səviyyəsi isə artır ki, bu da əhval-ruhiyyəni, enerjini və libidonu yüksəldir. Gəmiricilər üzərində aparılan araşdırmalar göstərir ki, testosteron səviyyəsi dəyişməz qalsa belə, az işıqlanma seksual davranışı zəiflədir, parlaq işıq isə beynin preoptik nahiyəsində dopamin və digər reseptorlara təsir edərək onu bərpa edir. İşığın təsiri ilə artan serotonin və dopamin sosial təmaslara motivasiyanı gücləndirərək münasibət axtarışına dolayı yolla kömək edir.

Maraqlıdır ki, ayrılıqların pik həddi də məhz bahar aylarına təsadüf edir. Sosial şəbəkə analizləri mart və aprel aylarında ayrılıq mesajlarının kəskin artdığını göstərir. Psixoloqlar bunu bir neçə faktorla izah edirlər. Birincisi, "bayramların ləğvi effekti"dir: bayram dövründə rahatlıq xatirinə münasibəti qoruyan cütlüklər baharda onların dəyərini yenidən nəzərdən keçirirlər. İkincisi, enerji və imkanların artmasıdır: dünya "genişləndikdə" münasibətlərdəki məhdudiyyətlər daha kəskin hiss olunur. Bahar münasibətləri dağıtmır, sadəcə katalizator rolunu oynayaraq qış "yuxusu" zamanı gizlənən problemləri üzə çıxarır.

Seçilən
69
publika.az

1Mənbələr