Berlin, 17 aprel, AZƏRTAC
Almaniya Silahlı Qüvvələrində (Bundesver) xidmət keçmək istəyənlərin sayı bu ilin birinci rübündə də artıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, martın sonunadək təxminən 22,7 min nəfər hərbi xidmətə qəbul üçün müraciət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Bu dövrdə 5800-dən şəxs xidmətə qəbul edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Nazirliyin məlumatına əsasən, Bundesverin aktiv şəxsi heyətinin sayı hazırda 185 min 400 nəfərdir. Bu, 2025-ci ilin mart ayı ilə müqayisədə təxminən 3300 nəfər çoxdur. Bununla belə, şəxsi heyətin ümumi sayı gözlənildiyi kimi, ilin gedişində müşahidə olunan dəyişikliklər səbəbindən cüzi azalıb. Adətən yaz aylarında bir çox hərbçi xidmət müddətinin başa çatması ilə ordudan ayrılaraq təhsil və ya peşə hazırlığına başlayır. Eyni zamanda, bu dövrdə ilkin və baza hazırlığına başlayan çağırışçıların da sayı azalır.
Bundesverdə təxminən 12,7 min nəfər könüllü (6-11 aylıq xidmət) və qısamüddətli müqaviləli (12-23 ay) hərbçi xidmət edir ki, bu da əvvəlki illə müqayisədə 13,5 faiz artım deməkdir. Müsbət inkişaf mülki heyət arasında da davam edir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışanların sayı 81 min 300 nəfərdir. Mövsümi dalğalanmalara baxmayaraq, Bundesverin kadr artımı üzrə müsbət tendensiyası ötən ilin eyni dövrü ilə müqayisədə davam edir. Hərbi xidmətin cəlbediciliyinin gücləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində orduda xidmət keçmək istəyənlərin sayı artmaqdadır.