AZ

“İran dronları artıq regional deyil, qlobal təhlükəsizlik faktoruna çevrilib” - Polkovnik

İran ordusu komandanının müavini Əli Rza Şeyx ölkəsinin hərbi arsenalındakı PUA-ların sayının kəskin artdığını bəyan edib.

Musavat.com xəbər verir ki, generalın sözlərinə görə, 2025-ci ilin iyununda İsraillə baş verən müharibə başa çatdıqdan sonra müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı 10 dəfə artırılıb.

İran dövlət televiziyasının yaydığı məlumata görə, Əli Rza Şeyx istehsalatdakı bu sıçrayışın qısa müddətdə baş verdiyini vurğulayıb.

Generalın bu açıqlaması informasiya müharibəsinin elementidir, yoxsa reallığa əsaslanır? İran müdafiə sənayesinin PUA istehsalı gücü bu sıçrayışa cavab verirmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, İranın pilotsuz uçuş aparatları sənayesi son 30-40 ildə ciddi şəkildə inkişaf edərək bu ölkəni dünyada “kütləvi və ucuz dron istehsalı” modelinin əsas nümunələrindən birinə çevirib. İran dünyada ən güclü asimmetrik dron güclərindən biri hesab olunur. O, ABŞ və ya İsrail kimi texnoloji lider deyil, amma ucuz, çoxsaylı, effektiv model sayəsində müasir müharibələrin xarakterini dəyişən əsas oyunçulardan birinə çevrilib. Bu sahədə İranın imkanlarını bir neçə əsas istiqamət üzrə izah etmək olar: “İranın PUA sənayesi mərkəzləşdirilmiş, amma eyni zamanda çoxşaxəli ekosistemə malikdir. Ən öndə dövlət müəssisələri gəlir. Bu şirkətlər Müdafiə Nazirliyinə bağlıdır və tədqiqat komponent istehsalı, kütləvi yığım mərhələlərinin hamısını həyata keçirir. Bundan əlavə İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) öz daxilində ayrıca dizayn və sınaq mərkəzlərinə malikdir. Universitetlər və xüsusi şirkətlər də prosesə cəlb olunur. Bütün bu resurslar İranı sürətli istehsal imkanlarına malik dron sənayesini inkişaf etdirən ölkəyə çevirib.

İran müdafiə sənayesi kəşfiyyat və zərbə PUA-larının kütləvi istehsalını həyata keçirir. "Şəhid" və "Mohajer" seriyası İranın əsas zərbə platformalarıdır. Eyni zamanda kamikadze dronlar İranın ən güclü tərəflərindəndir. "Bu dronlar ucuzdur, çox sayda istehsal olunur, kütləvi hücum üçün idealdır. İran dronları artıq regional deyil, qlobal təhlükəsizlik faktoruna çevrilib”.

Ekspertin sözlərinə görə, İran müdafiə sənayesinin kütləvi və ucuz PUA istehsal etmək imkanları İranın əsas strateji üstünlüyüdür: “Şhahed tipli dronların qiyməti on minlərlə dollar səviyyəsindədir. Bütün üstünlüklərə baxmayaraq, zəif tərəflər də var. Məsələn, yüksək texnologiyalı sensor və mühərriklərdə gerilik müşahidə olunur. Komponentlərin müəyyən hissəsi hissəsi xaricdən alınır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr