AZ

Almaniya Hörmüz boğazında mina axtarışı və dəniz müşahidəsi təklif etmək istəyir

Berlin, 16 aprel, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts Hörmüz boğazında təhlükəsizliyə dair aprelin 17-də Parisdə keçiriləcək görüşdə ölkəsinin mümkün töhfəsi ilə bağlı konkret təkliflər irəli sürmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Deutschlandfunk” radiosu bir neçə media qurumuna istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müəyyən şərtlər yerinə yetirilərsə, Almaniya minatəmizləmə və dəniz müşahidəsi sahəsindəki imkanları ilə bu prosesdə iştirak etməyə hazırdır.

Lakin Kansler Fridrix Merts bu gün İrlandiyanın Baş naziri ilə Berlində keçirdiyi brifinqdə bu məlumatları şərh etməyib. Kansler vurğulayıb ki, belə bir missiyanın həyata keçirilməsi üçün ilkin şərt ən azı müvəqqəti atəşkəsin əldə olunmasıdır. Bundan əlavə, beynəlxalq mandatın mövcudluğu və Bundestaqın razılığı tələb olunur. Lakin o, hazırda bütün bunların hələ uzaq olduğunu bildirib.

Qeyd edək ki, Parisdə keçiriləcək görüşün məqsədi çoxtərəfli və sırf müdafiə xarakterli missiyanın formalaşdırılmasıdır. Əsas hədəf təhlükəsizlik şərtləri imkan verən kimi boğazdan azad gəmiçiliyin fəaliyyətinin bərpa olunmasıdır.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
30
azertag.az

1Mənbələr