Ankara, 16 aprel, AZƏRTAC
Geosiyasi risklər və münaqişələr fonunda türk dövlətlərində sabitlik və inkişaf Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm sənayesi imkanlarının genişləndirilməsində müsbət rol oynaya bilər. Əminəm ki, dövlətlərimizin birlikdə qlobal turizm sənayesinə təklif edəcəyi çox şey var.
AZƏRTAC xəbər verir ki, bunu Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində iştirak edən “Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri, “Smart Hotels Group”un rəhbəri Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, türk dövlətləri arasında yaxınlaşma və konsolidasiyanın müsbət dinamikası bu gün TDT ölkələri arasında əməkdaşlığın bütün sahələrində öz əksini tapır.
“Türk dövlətləri təxminən 200 milyon əhalisi və ümumi ÜDM-i 2,1 trilyon dollara qədər olan çox böyük bir bazardır. Ölkələrimizin qlobal turizm üçün strateji əhəmiyyətli bir mərkəzə çevrilmək üçün də hər cür imkanı var. Əgər 2019-cu ildə ölkəmizə gələn turistlərin təxminən 14 faizi türkdilli dövlətlərin vətəndaşları idisə, ötən ilin sonuna qədər bu rəqəm 26 faizə çatıb. Bundan əlavə, 2019-2025-ci illər arasında türkdilli dövlətlərə gedən Azərbaycan vətəndaşlarının sayı 38 faiz artıb”, - deyə Ceyhun Aşurov vurğulayıb.
“Smart Hotels Group”un rəhbəri 64 milyon turist və illik turizm gəliri 65 milyard dollar olan Türkiyəni turizm sənayesinin uğurlu inkişafına nümunə kimi göstərib: “Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin fəal şəkildə inkişaf etməyə davam etməsi sevindirici haldır. Vətəndaşlarımız şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət edə bilərlər. Ümid edirəm ki, bütün türk dövlətləri arasında sadələşdirilmiş səyahət prosedurları tezliklə tətbiq olunacaq və bu da ölkələrimizin sakinlərinin bir-birini daha yaxşı tanımasına imkan verəcək”.
C.Aşurov qarşılıqlı əlaqələrin inkişafına töhfə verən amilləri sadalayaraq bildirib ki, səyahət ediləcək ölkədə təhlükəsizlik və sabitliklə yanaşı, nəqliyyatın əlçatanlığı, o cümlədən birbaşa uçuşların mövcudluğu vacibdir.
“Aviabiletlərin qiymətləri də vacibdir. Bütün bu məsələlərdə Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında körpü kimi əhəmiyyətli rol oynaya bilər. Hazırda ölkəmizdə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir ki, bunlardan üçü respublikanın işğaldan azad edilmiş ərazilərində tikilib. Türk dövlətlərinin hər bir sakini öz doğma yurdunun gözəlliyi haqqında bilir, lakin qardaş dövlətlərin potensialından tam xəbərdar deyil. Buna görə də turizm vacibdir, çünki o, xalqları yaxınlaşdırır”, - deyə o konqres iştirakçılarını Azərbaycana səfər etməyə çağıraraq vurğulayıb.