AZ

Zirzəmi, altlıq, təsərrüfat otağı... Qədim evlərdə zəruri ehtiyaclar üçün mühafizə otağı olurdu Video

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Qədim evlərin planına baxanda bir detal mütləq diqqəti çəkir. Mütləq evin altında və ya həyətin kənarında kiçik otaqlar tikilirdi. Bu otaqlar qonaq üçün və ya gündəlik yaşayış üçün olmasa da, əhəmiyyəli hesab edilirdi. Çünki bir çox ailələrin zəruri ehtiyacları, məhz bu otaqlarda saxlanılırdı.

Bu otaqlar bölgələrə görə, zirzəmi, altlıq və ya təsərrüfat otağı adlansa da, məqsəd eyni idi: ailə üçün vacib olan əşyaları burada saxlamaq. Bəzən bu otaqlara odun da yığılırdı ki, qış sərt keçərsə, odun quru qalsın, ocaq sönməsin. Bu otaqlarda adətən zənbillər, kəndirlər, köhnə xalçalar, palazlar yer alardı.

Bu otaqların ən xarakterik mənzərələrindən biri də tavandan asılan qurudulmuş sarımsaq və soğan dəstələri idi. Zirzəminin sərinliyi ərzağın uzunömürlü qalmasına imkan verir, ailəni ehtiyacdan qoruyurdu.

Bu gün qida tapmaq çətin deyil. Amma bizdən əvvəlki dövrlərdə böyüklərimiz “sabah” anlayışı ilə yaşayardılar. Bu səbəbdən də “sabah” üçün mütləq ərzaq saxlayırdı.

Odun yığılan otaqlar, taxıl dolu çuvallar, sarımsaq qoxulu zirzəmilər getdikcə həyatımızdan çəkilir. Onları bu dəfə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi kimi tariximizi, mədəniyyətimizi sərgiləyən yerlərdə görə bilirik.

Evlər böyüyür, gələcək planlarının yerini "bu günü yaşa" prinsipi alır. İndi ancaq ucqar kəndlərdə belə otaqlara rast gəlmək olur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr