Ankara, 16 aprel, AZƏRTAC
Türkiyənin Hacı Bayram Vəli Universitetinin dəstəyi ilə Ankarada keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikaları Konqresində (ITTD26) Azərbaycan turizminin gələcək vizyonu və davamlı inkişaf strategiyaları geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Hacı Bayram Vəli Universitetinin dekanı professor Məhərrəm Tuna, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Arzu Hüseyn və tədqiqatçı Səlahəttin Çakmakın birgə həyata keçirdikləri “Azərbaycan: Davamlı Turizm üçün Strateji Vizyon” adlı tədqiqatın nəticələri konqres iştirakçılarına təqdim olunub.
Azərbaycanın turizm sektorunda qlobal davamlılıq standartlarına uyğunluq və bu sahədəki strateji imkanların kompleks şəkildə təhlil edildiyi tədqiqatda vurğulanıb ki, davamlı turizm strategiyaları ölkənin neft asılılığını azaltmaq və "Azərbaycan 2030" milli prioritetlərinə nail olmaq üçün ən güclü alternativlərdən biridir.
Tədqiqat göstərir ki, Azərbaycanda turizm sektoru post-pandemiya dövründə dinamik inkişaf edir. Belə ki, 2025-ci ildə Azərbaycan turizm xidmətlərindən 2 milyard dollar gəlir əldə edib və bu sahədə 438 milyon dollar dəyərində müsbət saldoya malikdir.
Azərbaycanda xidmət ixracının strukturuna baxanda aydın olur ki, nəqliyyat xidmətlərindən sonra ən çox gəlir gətirən sektor məhz turizmdir. Yəni 2025-ci ildə Azərbycanın turizm xidmətlərindən əldə etdiyi gəlir cəmi qeyri-neft sektoru üzrə əmtəə ixracının 55 faizinə bərabər olub. 2030-cu ilə kimi bu sahənin dinamik inkişafı nəticəsində onun ÜDM-də payının artacağı və ildə turizm xidmətindən əldə olunan gəlirlərin 4 milyard dollardan çox olacağı proqnozlaşdırlır.
Hazırda Azərbaycanın “Yaşıl İnkişaf” modelinə keçidi strateji prioritet kimi müəyyən edilib.
Tədqiqatın nəticələrini AZƏRTAC-a şərh edən Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Arzu Hüseyn bildirib ki, “Yaşıl Enerji” zonaları və COP29-un təsiri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) “Yaşıl Enerji Zonası” elan edilməsi, bu bölgələrdə davamlı turizmin qurulması üçün unikal imkanlar yaradır. Həmçinin, ölkənin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində 60 minə yaxın ətraf mühitə həssas turistin Azərbaycana səfəri ekoloji təşəbbüskarlığın inkişafına böyük təkan verib. Onun sözlərinə görə, tədqiqat zamanı keçirilən müsahibə və təhlillər nəticəsində müəyyən olunub ki, turizm sektorunun rəqabət gücünü artırmaq üçün bəzi struktur boşluqları mövcuddur. Məsələn, Beynəlxalq GSTC (Qlobal Davamlı Turizm Şurası) standartlarına uyğun milli sertifikasiya və akkreditasiya sisteminin hələlik mövcud olmaması.
“Təkliflərə gəldikdə, Azərbaycanda “Milli Davamlı Turizm Strategiyası"nın qəbul edilməsi, turizm müəssisələri üçün bərpaolunan enerji və su qənaəti texnologiyalarına görə güzəştlərin genişləndirilməsi, yerli icmaların turizm gəlirlərindən daha çox faydalanması üçün “aşağıdan-yuxarıya” (bottom-up) yanaşması ilə qərar qəbulu proseslərinə cəlb edilməsi, turizm müəssisələrini davamlı təcrübələrə təşviq etmək üçün GSTC kriteriyalarına uyğun sertifikatlaşdırma sistemlərinin tətbiqi, turizm gəlirlərinin kənd yerlərində və regionlarda qalması üçün aqroturizm və ekoturizm layihələrini genişləndirmək, ali təhsil müəssisələri (məsələn, ATMU) ilə sektor arasındakı iş birliyinin gücləndirilməsi və elmi araşdırmaların dövlət siyasətinə inteqrasiyası kimi təşəbbüsləri qeyd etmək olar”, - deyə alim qeyd edib.
A.Hüseyn qeyd edib ki, tədqiqat göstərir ki, Azərbaycan zəngin mədəni irsi, bioloji müxtəlifliyi və rəqəmsal infrastrukturu ilə qlobal davamlı turizm xəritəsində öncül yerlərdən birini tutmaq imkanlarına malikdir.