AZ

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb.

Anadolu Agentliyi xəbər verir ki, gəmi təxminən 295 gündür dənizdədir və bu göstərici ilə Vyetnam müharibəsindən sonra ən uzun müddət missiyada qalan ABŞ aviadaşıyıcısı olub.

Gəmi 2025-ci ilin iyununda Virciniyadan yola düşüb və müxtəlif bölgələrdə, Atlantik okeanı, Karib hövzəsi, Aralıq dənizi və Yaxın Şərqdə əməliyyatlarda iştirak edib. Bu müddətdə həm Venesuela ilə bağlı əməliyyat, həm də İranla gərginlik zamanı bölgəyə yönləndirilib. Missiya zamanı gəmidə yanğın hadisəsi də baş verib və yüzlərlə dənizçi müvəqqəti olaraq çətin şəraitdə qalıb.

ABŞ Senat üzvləri uzun müddət davam edən xidmətin hərbçilərin yorğunluğu və psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini bildirib. Rəsmi məlumatlara görə, gəminin may ayının sonlarında ABŞ-a qayıtması gözlənilir.

ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı hələ rəsmi açıqlama verməyib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr