Hindistanda qadınların parlamentdə və ştat məclislərində təmsilçiliyini artırmaq məqsədilə yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
“BBC” xəbər verir ki, hökumət parlament yerlərinin üçdə birinin qadınlar üçün ayrılmasını nəzərdə tutan konstitusiya dəyişikliyi təklif edib.
Hazırda Hindistan parlamentində 543 deputatdan yalnız 14 faizi qadındır. Yeni qanun qəbul edilərsə, bu göstərici təxminən 33 faizə yüksələcək.
Baş nazir Narendra Modi bu təşəbbüsü tarixi addım adlandıraraq, qadınların səlahiyyətlərinin artırılması baxımından çox önəmli olduğunu bildirib. Onun sözlərinə görə, qanunun 2029-cu ilə qədər tətbiqi planlaşdırılır. Lakin qanun layihəsi ölkədə siyasi mübahisələrə səbəb olub. Müxalifət partiyaları hökuməti seçki dövründə tələsik qərarlar verməkdə ittiham edir. Onlar, xüsusilə, seçki dairələrinin yenidən bölgüsü məsələsindən narahatdırlar.
Yeni plan çərçivəsində parlamentdə deputat yerlərinin sayının 543-dən təxminən 850-yə çatdırılması nəzərdə tutulur. Bu dəyişiklik 2011-ci il siyahıyaalma məlumatlarına əsasən aparılacaq. Xüsusilə, Hindistanın cənub ştatları bu addımdan narazıdır. Onlar hesab edirlər ki, əhalinin artım tempinin aşağı olması səbəbindən gələcəkdə parlamentdə yerlərini itirə bilərlər. Ekspertlər isə qanun layihəsində bəzi məqamların hələ də aydın olmadığını bildirirlər. Xüsusilə, qadınlar üçün hansı seçki dairələrinin ayrılacağı və ştatlar arasında yerlərin necə bölüşdürüləcəyi sual doğurur. Hökumət isə yeni siyahıyaalmanı gözləmədən islahatın tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu vurğulayır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”