AZ

Astana “RES 2026 EXPO” sərgisində Mərkəzi Asiyanın iqlim innovasiyaları mərkəzinə çevriləcək

Astana, 16 aprel, AZƏRTAC

Aprelin 22-dən 24-dək Astanada davamlı inkişaf sahəsində fəaliyyət göstərən liderləri, texnologiya şirkətlərini və dünyanın müxtəlif ölkələrindən investorları bir araya gətirəcək “RES 2026 EXPO” beynəlxalq sərgisi keçiriləcək.

AZƏRTAC təşkilatçıların saytına istinadla xəbər verir ki, əsas tədbirlərdən biri “Eco Startup Competition Central Asia” olacaq.

Bu platforma regionun iqlim startaplarının seçilməsi və sürətlə inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Tədbir aprelin 23-də beynəlxalq “Expo” sərgi mərkəzinin əsas səhnəsində keçiriləcək.

Müsabiqədə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 15-dən çox startap iştirak edəcək. Onlar “green tech”, süni intellekt, “deeptech”, aqrotexnologiyalar və rəqəmsal platformaların kəsişməsində həllər təqdim edəcəklər. Əsas istiqamətlər iqlim monitorinqi, su texnologiyaları, dayanıqlı kənd təsərrüfatı, energetika, robototexnika, “foodtech” və dairəvi iqtisadiyyatı əhatə edir.

Aprelin 23-də, həmçinin Mərkəzi Asiyada iqlim texnologiyalarının miqyaslandırılmasına həsr olunmuş yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək. Müzakirədə region ölkələrinin hökumət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. İştirakçılar iqlim startaplarının pilot layihələrdən miqyaslana bilən biznes modellərinə keçidi üçün zəruri şərtləri müzakirə edəcəklər. Bu çərçivədə iqlim innovasiyalarını dəstəkləyən regional qovşağın inkişafı, maliyyələşdirmə alətləri və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.

“RES 2026 EXPO” sərgisi 30 ölkədən 300-dən çox şirkəti, 1500-dən artıq nümayəndəni və 20 mindən çox peşəkar ziyarətçini bir araya gətirəcək. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) beynəlxalq “RES 2026 EXPO” sərgisinin rəsmi media tərəfdaşıdır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
20
azertag.az

1Mənbələr