AZ

Avropa üçüncüsü olan cüdoçu: Hədəfim qızıl medal idi, amma bürünc mükafat da yaxşı nəticədir

Tbilisi, 16 aprel, AZƏRTAC

Yarışa yaxşı hazırlaşmışdım. Bütün görüşlərim çətin alındı. Buna baxmayaraq, bürünc medal əldə etdiyim üçün xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) deyib.

O, bu medalın Avropa çempionatlarında əldə etdiyi ardıcıl ikinci bürünc mükafat olduğunu söyləyib: “Bu mənə görə yaxşı nəticədir. Amma məqsədim qızıl medala sahib çıxmaq idi. Təəssüf ki, qismət olmadı. Səhvlərimiz var və bunun üzərində işləmək lazımdır”.

İdmançı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayev üzərində əldə etdiyi qələbəni dəyərləndirib: “İstəməzdim ki, uduzsun, amma ikimizdən biri qalib gəlməli idi. Onun məğlub olmağına sevinə bilmərəm. Balabəy yarımfinal görüşündə hakim ədalətsizliyinə məruz qaldı. Bu, heç yaxşı hal deyil. Amma təəssüf ki, cüdoda bəzən belə hallarla qarşılaşırıq”.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Müxbir - Aynur Əlixanlı

Seçilən
40
azertag.az

1Mənbələr